AZ

“Azərbaycanda türk kanallarının aktiv izlənməsi bu təsirləri artırdı

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məktəblilər arasında zorakılıq və kriminallaşma hallarının artması cəmiyyət üçün narahatlıq doğurur. Türkiyənin Şanlıurfa vilayətində liseyə silahlı hücum nəticəsində baş verən hadisə də bu tendensiyanın nə qədər təhlükəli mərhələyə keçə bildiyini göstərir. Belə hadisələr təkcə fərdi psixoloji problemlərlə deyil, həm də sosial mühit, ailə münasibətləri və rəqəmsal təsirlərlə bağlı kompleks səbəblərlə izah olunur.Məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, ümumiyyətlə, məktəblilər arasında bullinq hallarını əvvəllər daha çox Rusiyada televiziya və saytlarda görürdük, son dövrlərdə isə Türkiyədə şahid olduq:“Azərbaycanda türk kanallarının aktiv izlənməsi də bu təsirləri artırdı. Daha sonra sosial şəbəkələrin populyarlaşması ilə bu hallar artıq daha geniş yayılmağa başladı. İnsanlar sosial mediada bu cür davranışları gördükcə, onları normallaşdırmağa və təkrarlamağa meyil göstərdilər. Əvvəllər Türkiyədə qorxu ilə izlədiyimiz kriminal hadisələr bu gün Azərbaycanda da baş verir. Bunun əsas səbəblərindən biri toplum psixologiyasıdır. İnsan gördüyünə inanır və zamanla onu qəbul edir. Nəticədə belə düşüncə formalaşır ki, “bu mənə qarşı edilibsə, mən də edə bilərəm”. Son dövrlərdə cinayət xəbərlərinin altına yazılan rəylər də ciddi narahatlıq doğurur. İnsanlar “yaxşı eləmisən”, “haqqı idi” kimi ifadələr yazaraq zorakılığı dəstəkləyirlər. Bu isə cəmiyyətdə mərhəmətin azalmasının, aqressiyanın artmasının göstəricisidir. Bu vəziyyətin əsas səbəblərindən biri ailə faktorudur. Valideynlər daha çox pul qazanmaq, övladına maddi imkanlar yaratmaq üçün çalışır, lakin çox vaxt uşağa diqqət, qayğı və sevgi verməyi unudurlar. Halbuki mərhəmət, empatiya və özgüvən məhz ailədə formalaşır. Ailədə formalaşmayan özgüvən uşağın özünü sübut etmək üçün başqalarına qarşı aqressiv davranmasına səbəb olur. Uşaq başqasını incidir, alçaldır, bunu videoya çəkib paylaşır və zamanla təhlükəli bir şəxsiyyətə çevrilir”.O bildirib ki, digər mühüm faktor isə telefon və planşet asılılığıdır:“Həddindən artıq ekran istifadəsi uşaqlarda aqressiya, sosial münasibətlərdə çətinlik, adaptasiya problemləri, yuxu pozuntuları və müxtəlif sağlamlıq problemləri yaradır. Ən əsas isə ünsiyyət bacarığı zəifləyir. Uşaq real həyatda münasibət qura bilmir və virtual dünyaya sığınır. Məsələn, bəzi uşaqlar bir-birini “PUBG” kimi oyunlardan tanıyır və sonradan real həyatda konfliktə girərək dava edirlər. Bu problemlərin qarşısını almaq üçün bir sıra tədbirlər vacibdir. Valideynlər maariflənməli və övladlarına daha çox vaxt ayırmalıdır. Məktəblərə telefon gətirilməsi qadağan olunmalıdır.  Çətin tərbiyə olunan uşaqlar vaxtında müəyyən edilərək mütəxəssislərə yönləndirilməlidir. Məktəb psixoloqları daha aktiv və effektiv işləməlidir. Məktəb rəhbərliyi problemləri gizlətmək əvəzinə həllinə çalışmalıdır. Hiperaktiv uşaqlarla bağlı da düzgün yanaşma vacibdir. Belə uşaqları yalnız idmana yönləndirmək çıxış yolu deyil. Əksinə, onlar psixoloq dəstəyi almalıdırlar, əks halda öyrəndikləri aqressiyanı cəmiyyətə tətbiq edə bilərlər. Valideynlərə əsas tövsiyə isə budur ki, hər uşaq mütləq universitet oxumalı deyil. Əsas məsələ uşağın düzgün tərbiyə almasıdır. Əgər valideyn övladına vaxt ayıra bilməyəcəksə, onu düzgün böyüdə bilməyəcəksə, bu məsuliyyəti əvvəlcədən düşünməlidir. Unutmaq olmaz ki, uşağın xarakteri əsasən 6 yaşa qədər formalaşır. Bu dövrdə ona mərhəmət, düzgün davranış və sağlam münasibətlər öyrədilməlidir. Valideynlər uşağa aqressiya yox, anlayış və izah verməlidir. Əks halda bu aqressiya gələcəkdə daha böyük problemlərə səbəb olacaq. Uşağa “itə daş at”, “pişiyə təpik vur” kimi davranışlar öyrədilərsə, sabah o aqressiya valideynin özünə yönələcək. Uşağın sualları düzgün cavablandırılmalı, onu yayındırmaq və ya cəzalandırmaq əvəzinə izah edilməlidir. Əgər valideyn bunu bacarmırsa, mütəxəssis, psixoloqa müraciət etmək ən doğru addımdır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
demokrat.az

1Mənbələr