AZ

Asiya İnkişaf Bankı ilə sosial sahədə əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin Baş direktoru Lea Qutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə AZƏRTAC-a Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliklə AİB arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə icra olunan birgə layihələrin əhəmiyyətini diqqətə çatdırıb. “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində AİB-in dəstəyinin gücləndirilməsi” layihəsi üzrə aparılmış işlərin müsbət nəticələrindən bəhs edilib.

2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının əməkdaşlığın genişləndirilməsində xüsusi önəm kəsb etdiyi vurğulanıb. Nümayəndə heyətinə son illər ölkəmizdə həyata keçirilən sosial islahatların nailiyyətləri, aktiv məşğulluq proqramları, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Lea Qutierrez ötən dövrdə əldə olunan uğurlu əməkdaşlıq təcrübəsinin məmnunluq doğurduğunu və yeni layihələr çərçivəsində birgə fəaliyyətin uğurla davam edəcəyinə əminliyini bildirib.

Görüşdə əmək sahəsi ilə bağlı yeni regional texniki yardım layihəsi çərçivəsində görüləcək işlər, əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Seçilən
17
14
azerbaijan-news.az

10Mənbələr