AZ

ABŞ və İran arasında əsas fikir ayrılığı nüvə və raket proqramlarıdır

ABŞ və İran arasında əsas müzakirə mövzuları nüvə sənayesi və raket proqramı ətrafında formalaşıb.

News365.az xəbər verir ki, bu barədə politoloq Turab Rzayev açıqlamasında bildirib.

O qeyd edib ki, tərəflər arasında əsas fikir ayrılığı İranın nüvə proqramının gələcəyi ilə bağlıdır. ABŞ-ın mövqeyinə görə, İranın nüvə sənayesi ya məhdudlaşdırılmalı, ya da tamamilə dayandırılmalıdır. Tehran isə nüvə silahı əldə etməyəcəyini bəyan etsə də, nüvə sənayesinin ölkənin milli hüququ və daxili məsələsi olduğunu bildirir.

Politoloqun sözlərinə görə, İran nüvə texnologiyasından enerji istehsalı və digər dinc məqsədlər üçün istifadə etdiyini əsas gətirərək bu sahənin qorunmasını tələb edir. O vurğulayıb ki, bu sahəyə son illər milyardlarla dollar sərmayə yatırılıb və onun dayandırılması İran üçün həm iqtisadi, həm də siyasi çətinliklər yarada bilər.

Turab Rzayev əlavə edib ki, tərəflər arasında nüvə silahının yaradılması ilə bağlı müəyyən ortaq anlayış formalaşsa da, ABŞ-ın yeni yanaşması daha sərt tələblər irəli sürür və İranın nüvə infrastrukturunun tam ləğvini gündəmə gətirir.

Eyni zamanda qeyd olunub ki, müzakirələr təkcə nüvə proqramı ilə məhdudlaşmır, bəzi hallarda İranın ballistik raket proqramı da gündəmə gətirilir. ABŞ tərəfi bu proqramın məhdudlaşdırılmasını və raketlərin mənzil məsafəsinin nəzarət altına alınmasını tələb edir.

Politoloq hesab edir ki, İran bu tələbləri qəbul etməyəcək, çünki bu, ölkənin uzun illər ərzində formalaşdırdığı hərbi və elmi potensialdan imtina etməsi demək olar.

Seçilən
19
news365.az

1Mənbələr