AZ

Psixoloq Zeynəb Əyyubova: “İnsan mənfi duyğularını müsbət istiqamətə yönləndirmək üçün ilk addım olaraq həmin duyğunu tanımalıdır”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Duyğuları dəyişməklə hər şeyə pis gözlə baxdıqda, mənfi duyğular yığılır, müsbət inkişaf zəifləyir, darbeyinlilik yaranır, artır. Həyatı müsbət mənada dəyişdirmək, müsbət dəyişikliklərə nail olmaq, hər bir insanın əsas məqsədlərindən biridir.

Lakin bu dəyişikliklər sadəcə hadisələrə müsbət baxmaqla deyil, duyğuları düzgün anlamaq mümkündür. İnsan öz daxili aləmini dərk etdikcə, həm mənfi, həm də müsbət hisslərini daha sağlam şəkildə yönləndirə bilər.

İnsan mənfi duyğularını düzgün analiz edib onları müsbət istiqamətə yönləndirməyi necə öyrənə bilər?

Psixoloq Zeynəb Əyyubova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, mənfi duyğuların olması normaldır: “Son dövrlərdə insanların həyatında stress, narahatlıq və mənfi düşüncələrin artdığı müşahidə olunur. Bəzən insanlar hər şeyə pis gözlə baxmağa başlayır, bu isə zamanla mənfi duyğuların yığılmasına, dar düşüncəyə və inkişafın zəifləməsinə səbəb olur. Halbuki həyatı müsbət mənada dəyişmək hər bir insanın əsas məqsədlərindən biridir. Qeyd etmək istəyirəm ki, mənfi duyğuların olması normaldır. İnsan həyatında qorxu, kədər, narahatlıq, qəzəb kimi hisslər qaçılmazdır. Problem bu duyğuların mövcudluğunda deyil, onların düzgün idarə olunmamasındadır. Mənfi duyğuların bastırılması və ya inkar edilməsi onları aradan qaldırmır, əksinə, daha da gücləndirir.

İnsan mənfi duyğularını müsbət istiqamətə yönləndirmək üçün ilk addım olaraq həmin duyğunu tanımalıdır. Özümüzə “Hazırda nə hiss edirəm?” sualını vermək çox vacibdir. Bu sadə sual insanın emosional vəziyyətini dərk etməsinə kömək edir. Duyğunu tanıdıqdan sonra isə onun səbəbini anlamaq lazımdır. Çünki hər bir emosiyanın arxasında müəyyən bir ehtiyac və ya narahatlıq dayanır.

İkinci vacib mərhələ düşüncə tərzinin dəyişdirilməsidir. İnsan hadisələrə yalnız mənfi prizmadan baxdıqda, beyin bu düşüncə modelinə alışır. Lakin eyni hadisəyə fərqli baxış bucağı tapmaq mümkündür. Məsələn, çətinlikləri problem kimi deyil, inkişaf imkanı kimi qəbul etmək insanın psixoloji dayanıqlığını artırır.

Üçüncü mərhələ isə emosiyaların sağlam şəkildə ifadəsidir. İnsan duyğularını daxilində saxladıqda gərginlik artır. Duyğuları yazmaq, yaxın insanla bölüşmək, idman etmək və ya yaradıcı fəaliyyətlə məşğul olmaq emosional boşalma üçün effektiv üsullardandır”.

Zeynəb Əyyubova qeyd edib ki, daxili aləmini dərk edən insan emosional baxımdan daha güclü olur: “Özünə qarşı mərhəmətli olmaq da çox önəmlidir. İnsan bəzən özünə qarşı həddindən artıq tənqidi yanaşır. Halbuki hər bir insan səhv edə bilər və bu, inkişafın bir hissəsidir. Özünü qəbul edən insan mənfi duyğularını daha sağlam şəkildə idarə edə bilir.

Nəticə olaraq, mənfi duyğuları müsbət istiqamətə yönləndirmək mümkündür. Bunun üçün insan özünü tanımalı, duyğularını qəbul etməli və düşüncə tərzini dəyişməyə çalışmalıdır. Daxili aləmini dərk edən insan həm emosional baxımdan daha güclü olur, həm də həyatında müsbət dəyişikliklərə nail olur”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr