AZ

Roma Papası Sultan Mehmədi xristianlığa necə dəvət etdi?

Papa II Piyin 1461-ci ildə Osmanlı Sultanı Fatih Sultan Mehmete yazdığı məşhur "Epistola ad Mahumetem" məktubu
Elektron formada oxumaq üçün
Təxminən 100-dən çox səhifə olmaqla yorucu və sona qədər oxunması mümkün olmayan bu, diplomatik məktubdan daha çox kitab hesab edilə bilər. Saytda qeyd edilən linkdə olan bu məktubun 15-ci və ya 16-cı əsrə aid rəsmi çaplarından biridir. O dövrdə bu məktub Avropada əl-əl gəzirdi, çünki hamı Böyük Türkə qarşı papanın nə yazdığını maraqla izləyirdi.
1458-ci ildə seçilən II Piy papalıq taxtını kritik bir məqamda miras almışdı. Onun hakimiyyət illəri Sultan II Mehmete rəhbərliyi altında Osmanlı qoşunlarının sürətli genişlənməsi dövrünə təsadüf edirdi.
Papanın yeni bir Səlib yürüşü üçün Avropa hökmdarlarını bir araya gətirmək cəhdləri dəfələrlə uğursuzluğa düçar oldu və onun Osmanlı fəthlərini dayandırmaq ümidləri tədricən solmağa başladı. Bu məğlubiyyət şəraitində II Piy strategiyasını dəyişdi.
Ordular göndərmək əvəzinə o, Avropanın xilasını təmin edəcəyinə inanaraq sultanın özünü xristianlığı qəbul etməyə inandırmağa çalışdı. Bu ideya tamamilə yeni deyildi. Avropa dairələrində Sultan Mehmete dini baxışları haqqında çoxdan bəri mülahizələr irəli sürülürdü.
Sultan pravoslav patriarxı Gennadi ilə xristian əqidəsi barədə mübahisə etmiş, hətta İncilin iyirmi fəslinin tərcüməsini istəmişdi. Həmçinin Sultan Mehmete anasının xristian olması və onun "Pater Noster" (Atamız) duasını əzbər bilməsi barədə şayiələr gəzirdi. Bəziləri hətta onun gizli xristian olduğunu güman edirdilər. Bu şayiələr reallıqdan çox, xristian dövlətlərinin Osmanlı hücumuna qarşı müqavimət göstərməyə çalışarkən düşdükləri ümidsizliyi əks etdirirdi
"II Mehmete məktub" adlı latınca mətnində II Piy Osmanlı hökmdarına həm mənəvi, həm də dünyəvi nemətlər təklif edirdi. O vəd edirdi ki, cəmi bir neçə damla vəftiz suyu Sultan Mehmədə "indiki yaşayanların ən böyüyü, ən güclüsü və ən şanlısı" olmağa imkan verəcək.
Papa iddia edirdi ki, sultanın hakimiyyəti qanuni sayılacaq, xristian monarxları ona tabe olacaq və ona bütün mədəniyyətlərdə ehtiram bəsləniləcək. Məktubda həmçinin vurğulanırdı ki, yer üzündəki padşahlıqlar müvəqqətidir, Məsih vasitəsilə qazanılan xilas isə əbədi şöhrət bəxş edir.
II Piyin məqsədi yalnız xristianlığa dəvətlə məhdudlaşmırdı. O, Şərqdə papanın mənəvi hakimiyyəti altında xristian imperiyası yaratmağı xəyal edir, bununla Sultan Mehmete fəthlərini qanuniləşdirəcəyinə və Avropa hökmdarlarını qorxuya salacağına ümid edirdi.
O, Sultan Mehmetin potensial rolunu romalıları xristianlığa gətirən İmperator Konstantinlə müqayisə edirdi. Bu baxışa görə, türklər öz hökmdarlarının ardınca xristian dininə keçəcək, Sultan Mehmetin hökmranlığı isə bütün digər monarxların hökmranlığını üstələyəcəkdi.
Bu cəsarətinə baxmayaraq, papa imtina edilməsindən və ya siyasi nəticələrdən qorxaraq məktubu heç vaxt birbaşa Mehmete göndərmədi. Bunun əvəzinə mətn sultanın sağlığında çap olundu: əvvəlcə 1469-cu ildə Kölndə, sonra isə 1475-cü ildə Trevizoda.
Məktub diplomatik alət kimi deyil, İntibah dövrü ritorikasının parlaq nümunəsi kimi tanındı. Əsrlər sonra tarixçi Kamal Beydilli qeyd etdi ki, II Piyin məktubları arasında Mehmetin cavabı kimi təqdim edilən bir mətn də var.
Hərçənd onun həqiqiliyi sual altındadır, lakin məktub diqqətəlayiqdir. Orada Osmanlı hökmdarı guya papaya İslamı qəbul etməyi, sünnət olunmağı və baş dini nüfuz sahibi postunu tutmağı təklif edirdi – bu, papanın təklifinə ironik bir cavab idi.
Tarixçilərin əksəriyyəti hesab edir ki, bu məktub əsla Sultana çatdırılmayıb. Papa II Piy dərk edirdi ki, Sultan bu təklifi təhqir kimi qəbul edə bilər və bu, İtaliya torpaqlarına hücumu daha da sürətləndirər.
Məktubun Papanın nüfuzunu qaldırması üçün bir növ PR olduğu düşünülür.
Papa bununla Avropada krallara mesaj verirdi ki: "Baxın, siz birləşib döyüşmürsünüzsə, mən məsələni belə həll etməyə çalışıram".
Zaur Əliyev, tarixçi
Seçilən
26
news365.az

1Mənbələr