AZ

Manatın dövretmə sürəti azalıb - İZAHI

Dövlət Statistika Komitəsi bu ilin birinci rübünə dair iqtisadi göstəriciləri açıqlayıb.

Komitədən Musavat.com-a verilən məlumata əsasən, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz azalma deməkdir. Azalmanın kökündə neft-qaz sektorunda istehsalın düşməsi dayanır. Belə ki, birinci rübdə iqtisadiyyatın neft-qaz sektorunda yaradılan əlavə dəyər 1,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,2 faiz artıb.

Picture

ÜDM istehsalının 33,5 faizi sənaye, 11,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 23,3 faizi digər xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.
İqtisadiyyatın aparıcı sahələrindən olan sənayedə məhsul istehsalı cəmi 0,2 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3,7 faiz artıb, tikintidə isə 19,8 faiz azalıb.
Sənayedə 64,5 faizlik paya malik neft-qaz sahəsində istehsal 1 faiz azalıb, 35,5 faiz olan qeyri-neft sahəsində isə 7,2 faiz artıb.
İqtisadiyyatdakı daralmanın daha bir əlaməti manatın dövretmə sürətidir.

Picture

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, bu il martın 1-nə manatın dövretmə sürəti 2,83 olub: “Bu o deməkdir ki, eyni 1 manat il ərzində cəmi 2,8 dəfə iqtisadi əməliyyatlarda istifadə olunur. Müqayisə üçün deyim ki, 2005-ci ildə bu rəqəm 15,7 idi. 2015-ci ildə devalvasiya ərəfəsində isə 2,68-ə düşmüşdü. Yəni trend aydındır, hazırda pul daha yavaş hərəkət edir.

Bu nə deməkdir? İnsanlar və bizneslər daha çox gözləyir, daha az xərcləyir. Pul iqtisadiyyatda dövr etməkdənsə, dayanır və gözləyir. Pulun dövretmə sürətinin azalması iqtisadi aktivliyin ritmini göstərən göstəricidir. Pul nə qədər tez hərəkət edirsə, iqtisadiyyat da o qədər canlanır. Pul yavaşlayanda isə iqtisadiyyatın nəfəsi də zəifləyir”.

Ekspertlərə görə, Yaxın Şərq münaqişəsi Azərbaycanın turizm sahəsində də azalmaya səbəb olacaq. Belə ki, yanacaq qiymətləri və onlarla birlikdə nəqliyyat xidmətlərinin artması Asiyadan, Avropadan turist axınına mənfi təsir göstərir. Eyni zamanda, Yaxın Şərqdə hava nəqliyyatının işində yaranan problemlər Azərbaycanda son illər bu bölgədən artan turist sayını azaldacaq. Bütün bunlar isə turizm sahəsində ÜDM artımına mənfi təsir göstərəcək.

Qeyd edək ki, müxtəlif beynəlxalq qurumlar Azərbaycanda cari ildəki iqtisadi artımla bağlı təxminən eyni rəydədirlər:  1,8-2 faizlik genişlənmə prqonozlaşdırılır. Məsələn, Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycanda 2 faizlik artım gözləyirş Bank analitiklərinə görə, əvvəlki illə müqayisədə artım tempinin yavaşlaması neft hasilatının azalması fonunda baş verəcək. AİB ölkədə aqrar sektorun 2026-cı ildə 1,4 faiz, 2027-ci ildə isə 1 faiz, sənaye istehsalının isə müvafiq olaraq 0,2 faiz və 0,1 faiz artacağını proqnozlaşdırıb.
S&P reytinq agentliyinin və Dünya Bankının Azərbaycandakı iqtisadi artımla bağlı proqnozu 2 faiz, “Fitch Ratings” inki 2,5  faiz, “Moody's” də 2,5  faizdir. Beynəlxalq Valyuta Fondu (IMF)  2,1 faizlik proqnozla çıxış edib.

2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 faiz artıb. Bu il üçün isə İqtisadiyyat Nazirliyi 2,9 faizlik, Azərbaycan Mərkəzi Bankı isə 2,4 faizlik iqtisadi artım gözlədiklərini açıqlayıblar. İlin qalan 3 rübündə iqtisadi artımın sürətlənməsinə təkan verəcək iki mühüm amil var. Bunlardan birincisi, İran ətrafında yaranan münaqişənin neft-qaz qiymətlərinə artırıcı təsiridir. Artıq münaqişənin tezliklə bitəcəyi halda belə xüsusilə neft bazarında qiymətlərin yaxın iki rüb ərzində yüksək olaraq qalacağı heç kimdə şübhə doğurmur. Bu reallığı ABŞ energetika naziri Kris Rayt da etiraf edərək, neft qiymətlərinin yaxın həftələrdə daha da yükəsələcəyini gözlədiklərini açıqlayıb. Onun sözlərinə görə, neft bazarı qiymət pikini bir neçə həftəyə çatacaq, ondan sonra müəyyən azalmalar başlayacaq.

Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına əsasən İran münaqişəsi nəticəsində mart ayında gündəlik qlobal neft təklifi 10,1 milyon barel azalaraq 97 milyon barelə düşüb. Münaqişə səbəbindən BEA əvvəlki hesabatla müqayisədə 2026-cı ildə gündəlik qlobal neft təklifi üzrə proqnozunu 2,5 milyon barel azaldaraq 104,7 milyon barel həcmində müəyyən edib.

Hazırda Azərbaycan neftinin qiyməti 125 dollar ətrafında dəyişir. Makroiqtisadi planlamada qiymət 65 dollar olaraq götürüldüyünə görə qiymətlərin belə yüksək olması ÜDM hesablanmalarında da artımın bərpasına imkan verə bilər. Doğrudur, Azərbaycanda neft hasilatında sürətli azalma gedir: yanvar-fevralda illik ifadədə 7 faiz azalma qeydə alınıb. Yanvar-mart göstəricisi hələ açıqlanmayıb, lakin qazla birlikdə istehsalın 1 faiz azaldığı rəsmi statistikada əksini tapıb. Qiymətlərdəki yüksəlmə istehsal və ixracdakı azalmanı xeyli dərəcədə kompensasiya edə biləcək.

ÜDM-dəki daralmanı genişlənməyə keçirə biləcək digər amil iqtisadiyyata kapital qoyuluşlarındakı kəskin artımdır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında əsas kapitala 4 milyard 49,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 44,6 faiz artaraq 1 milyard 525,9 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 2,2 faiz artaraq 2 milyard 523,9 milyon manat təşkil edib.

Picture

Rüb ərzində məhsul istehsalı sahəsinə investisiyalar real ifadədə 23,9 faiz artaraq 2 milyard 286,6 milyon manat, xidmət sahələrinə investisiyalar real ifadədə 27,3 faiz artaraq 1 milyard 252,8 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyalar isə real ifadədə 26,6 faiz azalaraq 510,4 milyon manat olub.

İqtisadiyyata kapital qoyuluşlarının ÜDM istehsalına müsbət təsirləri yaxın bir neçə ay ərzində özünü büruzə verəcək. Bu proses neft-qaz sektorunda daha gec hiss olunacaq, çünki bu sahəyə yatırımlar uzunmüddətli layihələr çərçivəsində, yaxın 3 il ərzində hasilat artımına hədəflənib. Nəzərə alsaq ki, qeyri-neft sektorunun iqtisadiyyatda və ÜDM-də payı elə də yüksək deyil, onda bu sahəyə kapital qoyuluşunun iqtisadi artıma kəskin müsbət təsiri gözlənilmir.

 

Dünya SAKİT,
Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr