AZ

Fidan növbədə Türkiyədir dedi, İsrailə səsləndi Üç istiqamətdə qarşıdurma

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İsraillə bağlı son açıqlaması narahatlıq doğurub. Fidan İsrailin Türkiyəni yeni düşmən elan edə biləcəyini söyləyib.

XİN başçısı Təl-Əvivin Tehrandan sonra Ankara ilə qarşı-qarşıya gəlməyi planladığını bildirib.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Hakan Fidanın səsləndirdiyi bu fikirlər əslində, Türkiyə və İsrail arasında son illərdə artan strateji etimadsızlığın siyasi ritorikaya çevrilmiş formasıdır:

“Bu gərginliyin hansı məcrada inkişaf edəcəyini anlamaq üçün həm regional kontekst, həm də tərəflərin daxili və xarici siyasət prioritetləri nəzərə alınmalıdır.

İlk növbədə qeyd etmək lazımdır ki, Türkiyə–İsrail münasibətləri tarixən dalğavari xarakter daşıyıb, dövrlər üzrə yaxınlaşma və kəskin qarşıdurmalar bir-birini əvəz edib. Lakin hazırkı mərhələdə fərq ondadır ki, tərəflər arasındakı fikir ayrılığı artıq yalnız diplomatik səviyyədə deyil, təhlükəsizlik və geosiyasi baxış fərqlərinə də sirayət edir. Xüsusilə Qəzza məsələsi, Suriya və İran faktoru bu gərginliyin əsas katalizatorlarıdır.

Hazırda biz hər iki tərəfdən sərt ritorikaya, qarşılıqlı ittihamların artmasına şahidlik edirik. Lakin tərəflərin birbaşa hərbi və ya açıq qarşıdurmadan çəkindiyi də müşahidə olunur. Bu da təbiidir. Çünki hər iki tərəf genişmiqyaslı qarşıdurmanın istər iqtisadi, istərsə də təhlükəsizliklə bağlı nəticələrini yaxşı anlayır. İndiki mərhələdə ən real görünən Türkiyə və İsrailin birbaşa toqquşmadan yayınaraq regionda müxtəlif aktorlar vasitəsilə təsir uğrunda mübarizə aparmasıdır. Bu, xüsusilə Suriya, Şərqi Aralıq dənizi kimi bölgələrdə özünü göstərə bilər”.

Yusif Bağırzadə

Politoloq hesab edir ki, gərginliyin artması halında “strateji bloklaşma” ehtimalı ortaya çıxa bilər:

“Bu halda Türkiyə özünü daha açıq şəkildə regional müsəlman ölkələri ilə koordinasiyada təqdim edə, İsrail isə ABŞ və bəzi ərəb ölkələri ilə mövcud təhlükəsizlik əməkdaşlığını dərinləşdirə bilər. Nəticədə regionda iki paralel təhlükəsizlik arxitekturası formalaşar ki, bu da uzunmüddətli perspektivdə gərginliyin institusionallaşmasına gətirib çıxarar.

Bununla yanaşı, daha az ehtimal olunan, lakin nəzəri baxımdan mümkün olan “yenidən normallaşma” da gözləniləndir. Tarix göstərir ki, Ankara və Tel-Əviv arasında münasibətlər tam qırılma nöqtəsinə gəlsə belə, müəyyən müddətdən sonra praqmatik maraqlar üstünlük qazana bilir. Enerji əməkdaşlığı, ticarət və regional sabitlik kimi faktorların gələcəkdə yenidən dialoq üçün zəmin yaratması mümkündür.

İndiki halda Hakan Fidanın açıqlaması daha çox siyasi mesaj xarakteri daşısa da, onun arxasında real geosiyasi gərginlik dayanır deyə bilərik. Hazırkı şərtlərdə Türkiyə–İsrail münasibətlərinin ən real inkişaf istiqaməti nə tam müharibə, nə də tam barışdır. Bu münasibətlər daha çox idarə olunan, çoxsəviyyəli və zaman-zaman kəskinləşən rəqabət modelidir. Bu model isə regionda qeyri-müəyyənliyin uzun müddət davam edəcəyini göstərir”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
globalinfo.az

1Mənbələr