Rusiyalı jurnalist, “RT” telekanalının baş redaktoru, Azərbaycana qarşı düşmənçiliyi ilə ad çıxarmış Marqarita Simonyan ötən ilin sentyabrında ölən əri Tiqran Keosayan barədə verdiyi video-müsahibədə şəxsi həyatına dair diqqət çəkən açıqlamalar verib.
VAXT.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, Simonyan sözlərinə görə, həyat yoldaşının vəsiyyətinə uyğun olaraq onun cənazəsi kremasiya edilib və hazırda külü evdə saxlanılır.
Simonyanın deyib ki, ərinin külü hazırda yataq otağında, çarpayının yanında yerləşir və o, hər gününü həyat yoldaşı haqqında düşünərək başlayır və bitirir.
Müsahibə zamanı jurnalist qeyd edib ki, gələcəkdə ərinin külünün onların evinin həyətində əkilmiş ağacın altında dəfn olunması planlaşdırılır. Onun sözlərinə görə, bu qərar hələ Keosayan sağ ikən birlikdə qəbul olunub.
Simonyan daha sonra bildirib ki, ölümündən sonra öz külünün də ərinin külü ilə qarışdırılmasını istəyir.
Onun sözlərinə görə, gələcəkdə hər iki külün xüsusi hazırlanacaq sarkofaqda yerləşdirilməsi nəzərdə tutulur.
“Sonra mən xahiş edəcəyəm ki, mənim külümü və onun külünü qarışdırsınlar və sarkofaqda yerləşdirsinlər. Biz orada birlikdə olacağıq”, – deyə Simonyan bildirib.
Müsahibədə həmçinin Tiqran Keosayanın xəstəliyi ilə bağlı detallara da toxunulub. Bildirilib ki, Keosayan ürək problemləri ilə bağlı güclənən pnevmoniya səbəbindən komaya düşüb.
Simonyanın sözlərinə görə, həkimlər sonradan onun beyninin ciddi zədələndiyini və sağalma ehtimalının olmadığını bildiriblər.
Xatırladaq ki, Tiqran Keosayan erməni əsilli rejissor və teleaparıcı olub. O, xüsusilə Qarabağ mövzusu ilə bağlı sərt, anti-Türkiyə və anti-Azərbaycan mövqeli çıxışları ilə tanınıb. O, bir sıra televiziya verilişlərində Türkiyə və Azərbaycan əleyhinə kəskin bəyanatlar səsləndirib, Ermənistan siyasəti ilə bağlı emosional açıqlamalar verib. Keosayan həmçinin Qazaxıstan barədə sərt açıqlamaları ilə gündəmə gəlib. Astananı tənqid edən çıxışlarından sonra Keosayan Qazaxıstanda “arzuolunmaz şəxs” elan edilib.
Rusiyadakı erməni lobbisinin tanınmış üzvlərindən olan Tiqran Keosayan 2025-ci il sentyabrın 26-da, təxminən doqquz ay davam edən komadan sonra ölüb.