AZ

® “Unibank” birinci rübün maliyyə nəticələrini açıqladı

“Unibank KB” 2026-cı ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.

Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 105 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 11 milyon manat, xalis mənfəət isə 8,1 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 33 faiz artaraq 240 milyon manata çatıb. Aktivlərin həcmi isə 393 milyon manat artaraq 2,2 milyard manata yaxınlaşıb.

Son bir il ərzində bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 31 mart 2026-cı il tarixə 14,32 faiz təşkil edib.

“Unibank KB” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, bank 2026-cı ilin ilk rübünü əhəmiyyətli nəticələrlə başa vurub: “Bu ilin ilk rübü bizim üçün yeni strateji mərhələnin başlanğıcı oldu. Əldə etdiyimiz nəticələr seçdiyimiz inkişaf istiqamətinin düzgün olduğunu təsdiqləyir. 2026-cı il yeni 3 illik strategiyanın ilk ilidir və biz daha çevik, daha rəqəmsal və müştəriyönümlü bank kimi mövqeyimizi gücləndirməyə fokuslanmışıq. Bu il bankımız üçün həm də transformasiya ilidir. Qarşıdakı dövrdə həm məhsul xəttimizi genişləndirmək, həm də real iqtisadiyyata töhfəmizi artırmaq əsas prioritetlərimiz olacaq”.

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 22 faiz, sayı isə 34 faiz artıb. Birinci rübün sonuna nağdsız əməliyyatların həcmi 3,9 milyard manatı, sayı isə 133 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artdığı üçün ümumi müştəri sayı 2,3 milyon nəfəri keçib. 2025-cı ilin birinci rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 faiz, hüquqi şəxslərin sayı isə 13 faizədək artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və ümumi depozit portfelinin həcmi 1 milyard 378 milyon manatı ötüb.

Hesabat dövründə bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 36 faizdən çox artaraq 622 milyon manatı ötüb. Biznes portfelinin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2025-ci ilin birinci rübü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında 131 milyon manat artım qeydə alınıb. Ümumilikdə isə biznes kreditlərinin ümumi kredit portfelində həcmi 45 faizi keçib.

Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 203 milyon manat təşkil edib və kredit portfeli 1,3 milyard manatı ötüb.

“Unibank” – Sənin Bankın!

Seçilən
18
14
azertag.az

10Mənbələr