London, 14 aprel, AZƏRTAC
Böyük Britaniyada təhsil alan azərbaycanlı gənclər arasında elmi nailiyyətləri ilə seçilənlərdən biri də Azərbaycan Respublikasının Dövlət Proqramı çərçivəsində Liverpul Universitetində doktorantura təhsili alan Fərid İbrahimovdur. O, nəzəri fizika sahəsində araşdırmalar aparır və xüsusilə simlər fenomenologiyası istiqamətində tədqiqatları ilə kainatın fundamental qanunlarını öyrənir. AZƏRTAC-a müsahibəsində Fərid İbrahimov Böyük Britaniyadakı təhsil yolu, fizika sahəsinə marağının necə yarandığı və elmi fəaliyyətinin perspektivləri barədə danışıb.
– Fizikaya marağınız necə yaranıb? Bu sahəni seçməyinizə nə təsir edib?
– Fizikaya marağım tədricən formalaşıb. Məktəb illərində təbiət elmlərində keçilən mövzuların müəyyən qədər çətin və bəzən maraqsız görünməsi təbiidir. Uşaqlıqda isə texnoloji cihazların - mobil telefonların, radionun, televizorun, kompüterlərin, robotların necə işlədiyi mənim üçün həmişə maraqlı bir müəmma olub. Əsas dönüş nöqtəsi Nyutonun Ümumdünya cazibə qanununu öyrənməyim oldu. Kiçik bir düsturda bu qədər böyük məna və sirrin gizləndiyini anlamaq məni heyrətləndirmişdi. Hər gün gördüyümüz bir hadisənin - əşyaların yerə düşməsinin arxasında duran “niyə” sualı məni fizika sahəsinə yönəltdi. O gündən etibarən hər şeyin “niyə” və “necə”sini soruşmaq həyat tərzimə çevrildi.
– Edinburq Universitetində bakalavriat və magistratura təhsili almısınız. Bu illər sizə nə qazandırdı?
– Bu təcrübənin mənə qazandırdıqları barədə çox danışmaq olar. Ən vacibi odur ki, orada bizə yalnız bilik öyrədilmirdi, düşünməyi öyrədirdilər. Analitik düşüncə bacarıqları tələbələrə müxtəlif sahələrdə uğur qazanmaq imkanı verir. Məzunların bankdan tutmuş tibbi sahələrə qədər fərqli istiqamətlərdə çalışması bunun göstəricisidir.
Digər mühüm məqam abstrakt düşünmə bacarığı idi. Bizə öyrədilirdi ki, bəzən intuisiya bizi məhdudlaşdırır və onu aşaraq düşünmək lazımdır. Bu yanaşma kainatı anlamağa fərqli baxış qazandırır. Universitetdə keçirdiyim illərdə görkəmli alimlərlə, o cümlədən Piter Hiqqzla ünsiyyət qurmaq mənim üçün unudulmaz təcrübə oldu.
– Hazırda Liverpul Universitetində doktorantura təhsili alırsınız. Simlər fenomenologiyası nəyi araşdırır?
– Simlər fenomenologiyası zərrəciklər üzərində aparılan eksperimentlər vasitəsilə simlər nəzəriyyəsinə dəlillər tapmağa çalışır. Bu nəzəriyyə kainatda baş verən bütün prosesləri vahid şəkildə izah etməyi hədəfləyir. Sadə dildə desək, böyük obyektləri izah edən fizika ilə ən kiçik zərrəcikləri izah edən fizika arasında uyğunsuzluq var. Simlər nəzəriyyəsi bu fərqi aradan qaldırmağa çalışır.
Bu yanaşmaya görə, kainatın ən fundamental səviyyəsində çox kiçik “simlər” mövcuddur və onların titrəyişləri müxtəlif zərrəcikləri formalaşdırır. Bu simləri birbaşa müşahidə etmək hələ mümkün olmasa da, CERN kimi laboratoriyalarda aparılan eksperimentlər vasitəsilə dolayı sübutlar axtarılır.
– PhD-nin son ilində olmaq necə hissdir?
– Bu mərhələ həm həyəcanlı, həm də gərgin olur. Qarşıda tezisi uğurla tamamlayıb müdafiə etmək məqsədi dayanır. Ən çətin tərəfi yüksək təzyiq altında özünün ən yaxşı versiyasını ortaya qoymaqdır. Ən maraqlı tərəfi isə məhz elmi araşdırmalarla məşğul olmaqdır.
– Tədqiqatlarınızın gələcək əhəmiyyəti nə ola bilər?
– Bu gün istifadə etdiyimiz texnologiyaların çoxu bir zamanlar yalnız nəzəriyyə idi. Məsələn, radio dalğaları əvvəlcə Maksvellin tənliklərində nəzəri proqnoz kimi mövcud idi. Bu gün isə gündəlik həyatımızın ayrılmaz hissəsidir.
Eyni şəkildə nüvə enerjisi də əvvəlcə sadəcə riyazi hesablamaların nəticəsi idi. Bu gün isə bəzi ölkələr enerjinin böyük hissəsini məhz bu mənbədən əldə edir. Simlər nəzəriyyəsinin daha dərindən anlaşılması gələcəkdə enerji əldə etmə üsullarını kökündən dəyişə bilər. Bu isə insanlıq üçün tamamilə yeni imkanlar deməkdir.
– Azərbaycanlı tələbə kimi Böyük Britaniyada təhsil almağın üstünlükləri və çətinlikləri nələrdir?
– Üstünlüklər çoxdur. Britaniya müasir elmin formalaşdığı əsas mərkəzlərdən biridir və bu mühitdə olmaq böyük imkandır. Ənənəsi olan elmi mühit gələcək üçün də möhkəm zəmin yaradır.
Çətinliklərdən biri isə güclü rəqabət mühitinə uyğunlaşmaqdır. Bu sistem davamlı zəhməti tələb edir və məhz bu da məndə güclü iş etikası formalaşdırdı.
– Xaricdə təhsil almaq istəyən gənclərə nə tövsiyə edərdiniz?
– Tövsiyədən çox şəxsi təcrübəmi bölüşmək istərdim: insan marağının arxasınca getməlidir. Marağın istiqamət verdiyi yol adətən doğru ünvana aparır.