AZ

"Cərimələr sərtləşdikcə qayda pozuntuları azalır, amma sosial narazılıq artır" - Elməddin Muradlı

Son illərdə Azərbaycanda tətbiq olunan cərimələrin həm sayı, həm də məbləği artmaqdadır. Bu tendensiya hüquq pozuntularının qarşısının alınması və ictimai intizamın gücləndirilməsi məqsədi daşısa da, bir çox vətəndaşlar cərimələrin real gəlir səviyyələri ilə uzlaşmadığını bildirirlər. Nəticədə bəzi insanlar cərimələri vaxtında ödəyə bilmədikləri üçün əlavə maliyyə yükü, hətta borc və kredit asılılığı ilə üzləşirlər. Bu isə cərimə siyasətinin sosial ədalət və iqtisadi reallıqlarla nə dərəcədə uyğun olduğu sualını aktuallaşdırır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı QHT.az-a açıqlamasında bildirib ki, cərimə mövzusu qayda pozuntularının qarşısını almaq üçün tətbiq olunsa da, mövcud yol infrastrukturu, sürücü hazırlığı və davranışları nəzərə alındıqda qayda pozmağa meylin hələ də yüksək olduğunu göstərir: "Cərimə mövzusu həqiqətən də həssas bir mövzudur və onun iki tərəfi var. Yol polisi və ya Milli Məclis qanun qəbul edərkən əsas məqsəd qayda pozuntularının qarşısını almaq və vətəndaşların qaydalara əməl etməsini təmin etməkdir. Lakin mövcud yol infrastrukturu, sürücü psixologiyası və ümumilikdə sürücülərin hazırlıq səviyyəsi nəzərə alındıqda, qayda pozmağa meylin hələ də yüksək olduğu görünür".

Ekspert bəzi hallarda, xüsusilə tıxac zamanı ikinci cərgədə və ya sağ zolaqda dayanmağa görə cərimə yazılması vətəndaşlar tərəfindən ədalətsiz hesab edilərək narazılıq və ictimai narahatlıq yaratdığını qeyd edib: "Bəzən isə vətəndaşlar haqlı olaraq narazılıq bildirirlər. Məsələn, tıxac zamanı dayanmış vəziyyətdə ikinci cərgədə və ya sağ zolaqda dayandığı üçün cərimə yazılması kimi hallara rast gəlinir. Bu cür vəziyyətlərdə sürücülər düşünür ki, cərimə tətbiqi hər zaman ədalətli olmur və bu da cəmiyyətdə narahatlıq yaradır".

E.Muradlı bəzi sürücülərin yol hərəkəti qaydalarını, xüsusən də yol ayırıcının keçilməsi kimi ciddi pozuntuları tam bilmədiyini və ya düzgün dərk etməməsi maarifləndirmənin vacibliyini vurğulayıb: "Bəzi qayda pozuntularının sürücülər tərəfindən ya tam bilinməməsi, ya da düzgün dərk edilməməsi də problemlər yaradır. Məsələn, yol ayırıcının keçilməsi kimi qaydaların pozulması çox zaman ciddi sanksiyalarla nəticələnir, lakin bir çox sürücü bu qaydaların mahiyyətini tam bilmir. Bu isə onu göstərir ki, maarifləndirmə məsələsi də kifayət qədər vacibdir".

Onun sözlərinə görə, sanksiyalar sərtləşdirildikdə qayda pozuntularında azalma müşahidə olunur: "Ümumilikdə isə təcrübə göstərir ki, cərimə və sanksiyalar sərtləşdirildikdə qayda pozuntularının sayı azalır. Məsələn, əvvəllər avtobus zolağına görə cərimə daha az olduğu üçün sürücülər buna ciddi yanaşmırdı. Lakin cərimələr artırıldıqdan sonra bu pozuntular xeyli azalıb. Bu da göstərir ki, sərt mexanizmlər müəyyən hallarda daha effektiv nəticə verir".

Fatimə Nəbiyeva

Seçilən
31
qht.az

1Mənbələr