AZ

Şəmkirdə qadın keçmiş sevgilisindən və ailəsindən qisas aldı: “Buna məcbur qaldım” – TƏFƏRRÜAT

BAKI, 14 aprel. TELEQRAF

Şəmkir rayonunda sevgilisindən ayrılan 33 yaşlı qadın onun ailəsindən qisas alıb.

Teleqraf-ın xəbərinə görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1993-cü il təvəllüdlü Kəmalə həmkəndlisi Fəridlə (adlar şərti verilib – red.) sevgi münasibətində olub.

Daha sonra Fəridə ailəsi tərəfindən başqa qız alıblar. Fərid evlənməsi səbəbindən Kəmalə ilə münasibətlərinin bitirib. Buna görə onların aralarında mübahisə yaranıb.

Qadın Fərid və onun yaxın qohumlarından qisas almaq qərarına gəlib. Bu niyyətlə ötən il sentyabrın 29-da günorta saatlarında Şəmkir rayonunun kəndində yerləşən qəbiristanlığa gedib. Fəridin atası Mirzənin qəbir daşının üzərindən özü ilə gətirdiyi təhqiredici ifadələri yazılmış karton kağızı asıb.

Həmçinin qəbir daşını dağıdıb, zədələyərək korlayıb, mərmər gül qabını vurub sındırıb.

Kəmalənin barəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham elan edilib.

Kəmalə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, Fəridi 2018-ci ildən tanıyır: “2025-ci ilin iyun ayına kimi aramızda sevgi münasibətləri oldu. Bu dövrdə o, yaşadığım ünvana gəlib-gedirdi. 2024-cü ilin fevral ayında Fərid ailə həyatı qurdu. Amma mənimlə əlaqəni davam etdirirdi.

Bundan sonra Fəridin həyat yoldaşı Günel və anası Sona mütəmadi olaraq məni nalayiq ifadələrlə təhqir etdi. Hər dəfə bu barədə Fəridə məlumat verdim”.

Təqsirləndirilən şəxs deyib ki, 2025-ci ilin mart ayında Fəridin atası rəhmətə gedib: “İyun ayının 29-da xırda buynuzlu heyvanları əkin sahəsinə aparan zaman Fəridin anası Sona, həyat yoldaşı Günel yola çıxaraq məni nalayiq ifadələrlə təhqir elədilər. Fəridə zəng edib bildirdim ki, həyat yoldaşı və anasından polisə şikayət edəcəm. Fərid isə evə gedəndə anası və həyat yoldaşını başa salacağını söylədi, polisə şikayət ərizəsi yazmamağımı xahiş elədi”.

Kəmalə deyib ki, təhqirlər ona pis təsir etdiyi üçün kardon parçasının üzərinə nalayiq ifadə yazıb: “Plakatı götürərək Fəridin atasının dəfn olunduğu qəbiristanlığa getdim. Plakatı qəbir daşının üzərində asdıqdan sonra məzarın yanında olan gülqabını əlimlə itələdim, sındı. Bundan sonra evə getdim. Eşitdim ki, Fəridin anası haqqımda Şəmkir Rayon Polis Şöbəsinin Kür polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Səhv hərəkət etdiyimi anlayıram və əməlimdən peşmanam. Dəfələrlə zərərçəkmiş şəxslə barışmağa cəhd etsəm də, buna nail olmamışam”.

İş üzrə zərərçəkmiş qismində tanınan Sonanın sözlərinə görə, təqsirləndirilən Kəmalə onunla eyni kənddə yaşayır: “Aramızda düşmənçilik və ya ədavət yoxdur. Oğlum Fəridlə onun arasında 5-6 il əvvəl münasibəti olub. 2024-cü ilin fevral ayında oğlum ailə həyatı qurduqdan sonra Kəmalə ilə münasibəti sona çatdı. Amma Kəmalə oğlumu yenidən narahat etməyə başladı. Toydan sonra yaşadığımız evin qarşısına nalayiq ifadələr yazılmış plakat asdı, oğlumu və məni nalayiq ifadələrlə təhqir etdi”.

Sona qeyd edib ki, 2025-ci ilin mart ayının 15-də həyat yoldaşı Mirzə rəhmətə gedib: “Dəfndən sonra 40 mərasiminə kimi qara mərmərdən ona başdaşı qoyduq. May ayında həyat yoldaşımın başdaşının yanında olan güllər dağılmışdı. Amma qəbir daşına heç bir ziyan dəyməmişdi. Mən də bundan sonra məzar daşının olduğu əraziyə kamera qoydum”.

Sonanın ifadəsinə görə, iyunun 29-da evdə olarkan mobil telefon vasitəsi ilə qəbiristanlığa baxıb: “Gördüm, Kəmalə həyat yoldaşıma məxsus başdaşına iplə asılmış kardon parçasında nalayiq ifadələr yazılmış plakat asıb. İki güldanı da sındırıb. Oğlumla qəbiristanlığa getdik. Məzar daşının ətrafını təmizləyib evə qayıtdıq. Evdə yenidən kameraya baxanda Kəmalənin yanında kənar bir şəxsin olduğunu aşkar etdim. İyulun 1-də şikayət ərizəsi yazdım”.

Zərərçəkmiş 2000 manat maddi ziyanın və 3000 manat mənəvi ziyanın təqsirləndirilən şəxs tərəfindən ona ödənilməsini tələb edib.

İş üzrə şahid qismində ifadə verən Elmira göstərib ki, bacısı Kəmalə 2018-ci ildə onlarla qonşuluqda yaşayan Fəridlə tanış olub: “Bacım bu barədə bizə məlumat verdi. Fərid yaşadığımız ünvana gəlib-getməyə, bacımın otağında gecələməyə başladı. Fəridin gedib-gəlişindən xəbərimiz olsa da, Kəmaləyə heç bir söz deməmişik”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Kəmalə aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilib. Təqsirləndirilən şəxsdən maddi zərərə görə sındırılmış güldanın əvəzi kimi 80 manat, vəkil xidmət haqqının əvəzi kimi 400 manat, dövlət rüsumunun əvəzi kimi 35 manat, mənəvi zərərin əvəzi kimi 500 manat olmaqla, cəmi 1015 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxsə verilməsi barədə qərar qəbul edilib.

Mülki iddia qalan hissədə təmin edilməyib.

Seçilən
16
1
teleqraf.com

2Mənbələr