AZ

"Hizbullah çevrilişə hazırlaşır" iddiası - İsraillə Livan birləşir...



“Hizbullah” Livanda mərkəzi hökumətin süqutuna işarə edib. Qrupun siyasi şurasının sədr müavini Mahmud Komati bildirib ki, Beyrut hakimiyyəti “Hizbullah”ı zəiflətmək istəyi ilə ölkədə sosial gərginliyi artırır. Onun şərhləri ABŞ-da keçirilməsi planlaşdırılan İsrail-Livan danışıqlarına hazırlıqlar fonunda səslənir. Bu diplomatik proses vasitəsilə yəhudi dövləti Livanda “Hizbullah”ın mövqeyini sarsıtmağa və onun tərksilah edilməsinə zəmanət yaratmağa çalışır.

Mahmud Komati “RİA Novosti” agentliyinə verdiyi müsahibədə Livandakı mərkəzi hökumətin “Hizbullah” tərəfdarlarının etirazları səbəbindən çökə biləcəyini bildirib:"Biz hökumətin siyasəti və mövqeləri ilə özünü ciddi bir çıxılmaz vəziyyətə salacağını və bunun xalqın təzyiqi altında dinc yolla çökməsinə səbəb olacağını gözləyirik. Hökumət nə “Hizbullah”ın siyasətinə, nə də 15 ay ərzində səbir göstərib təcavüzə tab gətirən "müqavimət"in siyasətinə hörmət etmir. O, "müqavimət"in səbrini qiymətləndirmir".

Komati Beyrutun getdikcə daha çox Amerika diktələrinə və İsrail maraqlarına tabe olmasından təəssüfləndiyini bildirib. “Hizbullah” üzvü əminliklə bildirib ki, hökumət getdikcə "müqavimətə" qarşı qərarlar qəbul edir: "Livanı və onun suverenliyini azadlığı naminə müdafiə edən "müqavimətdir". Əlbəttə ki, bu siyasət hökumət tərəfindən qəti şəkildə rədd edilir. Biz bu hökumətin səhvlərinə dözməyə davam edirik. Lakin əgər o, eyni siyasətə sadiq qalmağa davam edərsə, bunun ölkəni xaosa, daxili bölünməyə gətirib çıxaracağını gözləyirik." Komatinin sözlərinə görə, Livandakı ictimai rəy Beyrutun "ABŞ və İsrailə tabe olmaq" kursunu tənqid edir.

“Hizbullah”ın təmsilçisinin açıqlaması buşiə qrupunun tərəfdarlarının ötən həftəsonundan bəri təşkil etməyə çalışdıqları Livanda küçə etirazları fonunda verilib. Onlar mərkəzi hökumətin siyasətinə etiraz edirlər. Bu siyasət son zamanlar “Hizbullah”ı "paralel dövlət" kimi faktiki rolundan məhrum etmək və mövqelərini İsraillə uyğunlaşdırmaq cəhdinə çevrilib. Livan prezidenti Cozef Aun bu yaxınlarda bu mövqeyi açıq şəkildə təkrarlayaraq, Livan üçün yeganə həll yolunun İsraillə atəşkəs olduğunubəyan edib. Lakin “Hizbullah” tərəfdarları düşmənçiliyin davam etdirilməsində israr edirlər.Bu durumda İsrail və Livan nümayəndələrinin yaxınlaşmanı müzakirə etmək üçün ABŞ-da danışıqlar aparması planlaşdırılır. Kəşfiyyat mənbələrinin "Əl-Monitor"a verdiyi məlumata görə, İsrail tərəfi məsləhətləşmələr zamanı “Hizbullah”ın tam tərksilah edilməsinə zəmanət axtaracaq:"Əgər Livan hökuməti “Hizbullah”ı cənubi İsraili atəşə tutmağı dayandırmağa məcbur edə bilsə, bəlkə də İsrail Livan ordusuna böyük bir vəzifəni, “Hizbullah”ı tərksilah etmək üçün bir müddət vaxt verəcək. Livan ordusu həmçinin “Hizbullah” və onun qüvvələri arasında silahlı toqquşmaların baş vermə ehtimalına ictimai rəyi hazırlamalı olacaq".

İsrail hərbi mənbəyi isə bildlrib ki, İsrail Müdafiə Qüvvələri hazırda Livanı əsas əməliyyat cəbhəsi hesab edir. Hazırda İsrail əməliyyatları Sidrlər Torpağının cənub bölgələrinə yönəlib. Orducənubdakı Bint Cbeil şəhəri üzərində nəzarəti ələ keçirmək üçün hücumlarını davam etdirir. Baş nazir Benyamin Netanyahu bu yaxınlarda Livanın cənubundakı İsrail qoşun mövqelərini ziyarət edərkən döyüşlərin davam edəcəyini bildirib:"Müharibə, o cümlədən Livandakı təhlükəsizlik davam edir. Tank əleyhinə atəş təhlükəsini aradan qaldırırıq və yüksəkdən uçan raketlərlə mübarizə aparırıq, lakin hələ çox iş görülməlidir". O əlavə edib ki, İsrail və Livan arasında planlaşdırılan danışıqlar ilkin xarakter daşıyacaq və “Hizbullah”ın tərksilah edilməsinə, İsrail ilə Livan arasında davamlı sülhə nail olmaq səylərinə yönələcək.

Samirə SƏFƏROVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr