Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Bakının Xətai rayonunda, "Ukrayna dairəsi" adlanan ərazidəki yerüstü piyada keçidində liftin işləməməsi ciddi problem yaradır.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a şikayət daxil olub.
Qeyd edilib ki, keçiddə quraşdırılmış lift artıq bir aydan çoxdur fəaliyyət göstərmir.

"Buradan keçən hər kəs bilir ki, keçid dördzolaqlı avtomobil yolunun üzərində tikilib. Bu səbəbdən piyadaların təhlükəsiz şəkildə yolu keçməsi üçün məhz bu keçiddən istifadə vacibdir. Lakin liftin bir aydan çoxdur işləməməsi xüsusilə yaşlılar, əlilliyi olan şəxslər və uşaq arabası ilə hərəkət edən valideynlər üçün ciddi çətinlik yaradır. Nəzərə alan yoxdur ki, keçidin qarşı tərəfində park, "ASAN xidmət" mərkəzi və poliklinikalar yerləşir. Bu da ərazidə piyadaların intensiv hərəkət etməsi deməkdir. Lift işləmədiyi üçün insanlar birbaşa hərəkət zolağından yolu keçməli olurlar ki, bu da həm piyadaların, həm də sürücülərin həyatını riskə atır", - deyə şikayətdə bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, AAYDA tərəfindən yeraltı və yerüstü piyada keçidlərində nasaz vəziyyətdə olan eskalator və liftlərin təmiri istiqamətində işlər həyata keçirilir.
"Aparılan texniki baxışlar nəticəsində bəzi eskalator və liftlərdə mexaniki nasazlıqlar, eləcə də istismar müddətini başa vurmuş detallar aşkar edilib. Bununla əlaqədar təmir-bərpa işlərinə başlanılıb. Artıq bir neçə ərazidə eskalatorların təmiri yekunlaşdırılıb, avadanlıqlar tam işlək vəziyyətə gətirilərək vətəndaşların istifadəsinə verilib. Hazırda digər keçidlərdə də mərhələli şəkildə bərpa işləri davam etdirilir.
Ehtiyat hissələrinin xaricdən sifariş olunması səbəbindən bəzi qurğuların tam işlək vəziyyətə gətirilməsi müəyyən vaxt tələb edir. Bununla yanaşı, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı" çərçivəsində şəhər üzrə bütün yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış eskalatorların vəziyyəti ilə bağlı genişmiqyaslı monitorinqlər aparılır. Monitorinqlərin nəticələrinə əsasən, hər bir keçid üzrə texniki vəziyyət qiymətləndirilir, eskalatorların yenilənməsi, müasir standartlara cavab verən avadanlıqlarla əvəz olunması və texniki xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər hazırlanır", - deyə A.Nəcəfli vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.