AZ

"ABŞ məqsədinə çatmayıb, bundan sonra..." - ŞOK AÇIQLAMA

ABŞ İrana qarşı məqsədlərinə çatıb və artıq müharibəyə ehtiyac qalmayıb.

Bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens "Fox News"a verdiyi müsahibədə deyib.

"Düşünürəm ki, məqsədlərimizə çatdığımız bir vəziyyətdəyik. Əməliyyatı dayandırmağa başlaya bilərik. İstərdim ki, bu proses geniş və uğurlu danışıqlar yolu ilə dayansın", - o bildirib.

Söhbət hansı məqsədlərdən gedir? ABŞ İrana qarşı müharibəni başlayanda hədəf bugünkü vəziyyətə gəlib çatmaq idi?

Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, Donald Tramp ötən ilin iyununda 12 günlük müharibəyə başlayanda əsas hədəfin İranda uran obyektlərinin sıradan çıxarılması və bununla da Tehranın gələcəkdə nüvə silahı əldə etməsinin sıfırlanması olduğunu bəyan etmişdi. Eyni zamanda İranın ballistik raket istehsalı ilə məşğul olan obyektlərinin sıradan çıxarılması nəzərdə tutulmuşdu:

"12 günlük bombardmanla bu hədəflərə qismən nail olmuşdular. Tam nail ola bilmədikləri üçün yenidən müharibə başlandı. 38 günlük müharibədən öncə Tramp əsas hədəflərinin İranda rejim dəyişikliyi olduğunu bəyan etdi. Müharibənin ilk günlərindən İrana rəhbərlik edən şəxslər ali dini lider başda olmaqla öldürüldü, SEPAH generalları sıradan çıxarıldı. Ardınca hərbi obyektlər vuruldu. Lakin rejimi dəyişmək mümkün olmadı. İndi rejimə rəhbərlik edən şəxslər əvvəlkilərdən daha sərt və barışmaz mövqe ilə fərqlənirlər. ABŞ İranın çox ciddi müqaviməti ilə rastlaşdı. Bunu heç kəs gözləmirdi. Belə görünür ki, Trampın özü də bu cür müqavimət olacağını  gözləmirmiş. 38 günlük müharibənin nəticələrinə baxdıqda ABŞ-nin əslində qarşısına qoyduğu hədəfə çatmadığı görünür. Vitse-prezident Vensin açıqlaması daha çox siyasi-diplomatik kontekstdə oxunmalıdır və bu cür bəyanatlar adətən "maksimal hədəflərə tam çatmaq" deyil, "minimum strateji məqsədlərin təmin olunması" anlamına gəlir. Yəni burada söhbət müharibənin əvvəlində qoyulan ideal ssenaridən yox, mövcud şəraitdə Vaşinqton üçün qənaətbəxş hesab olunan nəticələrdən gedə bilər".

ARZUXAN.jpg

Deputatın sözlərinə görə, İranın ciddi müqaviməti nəticəsində meydana gələn reallıqlar ABŞ-ni danışıqlarla müharibəyə yekun vurmağa məcbur etdi:

"Müharibənin davam etməsi ABŞ-nin maraqlarına uyğun deyil. Müharibə davam etsəydi, ABŞ üçün əlavə problemlər meydana gətirəcəkdi. Bu müharibə Trampın imicinə zərbələr vurdu və vurmaqdadır. Ona görə də vəziyyəti fərqli prizmadan təqdim etmək cəhdləri var. Trampın ardınca Vens də hədəflərinə çatdıqlarını bəyan edir. Müharibəni dayandırmaq Tramp administrasiyasının maraqların uyğundur. Ona görə də daha az itki ilə müharibəni dayandırıblar və hədəflərinə çatdıqlarını cəmiyyətlərinə inandırmağa çalışırlar".

Etibar Seyidağa,
Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr