AZ

Peter Macarın siyasi fəaliyyəti ilə yanaşı, şəxsi həyatı da ictimai maraq doğurur

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Macarıstan siyasətində önə çıxan Peter Macar tezliklə ölkədə yeni hökumət formalaşdıracaq və böyük ehtimal özü də baş nazir kimi fəaliyyətə başlayacaq. Bu, Peter Macarın sədri olduğu “Tisa” Partiyasının müxlifətdən iqtidara keçidi demək olacaq. “Tisa” Partiyası 12 aprel seçkiləri nəticəsində parlamentdəki 199 yerdən 138-nə sahib olub.

Modern.az-ın məlumatına görə, Peter Macarın siyasi fəaliyyəti ilə yanaşı, şəxsi həyatı da ictimai maraq doğurur və bu mövzu Avropa mediasında müzakirə olunmaqdadır.Peter Macar uzun müddət Macarıstanın tanınmış siyasətçilərindən biri olan Yudit Varqa ilə evli olub. Bu evlilik ölkənin siyasi elitasında mühüm ittifaqlardan biri kimi qiymətləndirilirdi. Cütlüyün münasibətləri həm ictimai, həm də siyasi kontekstdə tez-tez diqqət çəkirdi.

Yudit Varqa 2019–2023-cü illərdə Macarıstanın ədliyyə naziri işləyib. 18 il birgə münasibətdə olmuş Peterlə Yuditin nikahından üç oğul övladı dünyaya gəlib.Böyük oğul 2009-cu ildə doğulub və ona Levente adı verilib. Hazırda o, 17 yaşındadır.

Orta oğul Lorant 2013-cü ildə doğulub, hazırda 13 yaşındadır.

Ən kiçik oğul isə Mikloşdur - 2015-ci ildə dünyaya gəlib və hazırda 11 yaşındadır

Lakin son illərdə Peterlə Yuditin münasibətində ciddi problemlərin yarandığı məlum oldu. Onların evliliyi siyasi intriqalara tab gətirmədi və cütlük 2023-cü ildə qalmaqallarla müşayiət olunan şəkildə boşandılar.

Onlar ayrıldıqdan sonra uşaqların himayəsi məsələsi birgə valideyn məsuliyyəti çərçivəsində həll olundu.

İndi uşaqlar ayrı-ayrı evlərdə yaşayan hər iki valideynlə vaxt keçirirlər, onların tərbiyəsi və qayğısı üzrə məsuliyyət isə keçmiş ər-arvad arasında bərabər paylaşılır.Macarıstan mediası yazır ki, oğullar “növbəli qəyyumluq” prinsipi ilə yaşayırlar. Məsələn, bir həftəni ataları ilə, növbəti həftəni anaları ilə keçirirlər və ya vaxtlarının xeyli hissəsini atalarının yanında olurlar.

Eyni zamanda qeyd olunur ki, nüfuzlu valideynlər uşaqları öz siyasi qarşıdurmalarına və fikir ayrılıqlarına qarışdırmamağa çalışırlar.

Mətbuat yazır ki, oğlanlar aktiv həyat tərzi keçirir, təhsil alır və idmanla məşğul olurlar. Böyük oğul Levente isə artıq gələcək peşə seçimi yaşındadır.

Peter Macarla Yudit Varqanın ayrılığı yalnız şəxsi məsələ kimi deyil, həm də siyasi rezonans doğuran hadisə kimi dəyərləndirilir. Çünki hər iki tərəf Macarıstan siyasətində müəyyən nüfuza malikdir və bu ayrılıq tez-tez müxtəlif açıqlamalar və qarşılıqlı ittihamlarla müşayiət olunub.

2024-cü ilin martında Peter Macar Yudit Varqa ilə onun hələ ədliyyə naziri olduğu dövrdə - boşanmadan iki ay əvvəl - etdiyi söhbətin audioyazısını yayımlamışdı. 2023-cü ilin yanvarına təsadüf edən həmin audioyazıda Varqa baş nazir Viktor Orbanın aparat rəhbərinin köməkçilərinin bir cinayət işi üzrə sənədləri dəyişdirməyə cəhd etdiyini bildirirdi.

Söhbət zamanı Varqa səsinin yazıldığından xəbərsiz halda, ərinə prokurorluq tərəfindən mühüm korrupsiya işi üzrə bəzi həssas sənədlərin “təmizləndiyini” danışırdı. O dövrdə fəaliyyət göstərən ədliyyə naziri açıq şəkildə etiraf edirdi ki, Macarıstanda hakimiyyət mafioz sistemə çevrilib və ondan sadəcə çıxmaq mümkün deyil.

Yazının yayımlanmasından sonra artıq boşanmış olan Y.Varqa P.Macarı şantajda və məişət zorakılığında ittiham etdi, dediklərini təzyiq altında söylədiyini bildirdi. Bununla belə, o, yazının həqiqiliyini də inkar etmədi.Yudit Varqa sosial şəbəkədə yazmışdı: “O, audioyazını siyasi məqsədlərinə çatmaq üçün istifadə etdi. Belə insan heç bir etimada layiq deyil… Bu, mənim ona üç oğul bəxş etdiyim insanın əməlidir… münasibətlərimizdə zorakılıqla dolu illər ərzində sevgi və ümidlə dəfələrlə hər şeyi yenidən başlamaq şansı verdiyim insanın”.

Y.Varqanın keçmiş həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı ittihamlar hökumətyönlü media tərəfindən geniş şəkildə titrajlandı.  Peter Macar isə ittihamları rədd edərək onları böhtan adlandırdı və diqqəti yayımlanan audionun məzmunundan yayındırmaq məqsədi daşıdığını söylədi.

Facebook paylaşımında o, 18 illik münasibətlərində müxtəlif çətinliklər yaşandığını inkar etməsə də, “mən heç vaxt uşaqlarımın anasına əl qaldırmamışam, amma o, mənə dəfələrlə - həm yumruqla, həm də təpiklə, bəzən şahidlərin gözü qarşısında, bəzən isə bağlı qapılar arxasında hücum edib”,- deyə yazdı. Peter Macar həmçinin hakimiyyət tərəfindən ona qarşı qarayaxma kampaniyasının başladıldığını bildirdi.Həmin dövrdə Peter Macara münasibəti barədə suala cavab verən baş nazir Viktor Orbán isə belə demişdi: “Mən dövlət idarəçiliyi ilə məşğulam, sabun operaları ilə yox”.

Ümumiyyətlə, boşandıqdan sonra Yudit Varqa tərəfindən səsləndirilən ittihamlar Peter Macarın həm şəxsi, həm də siyasi imicini hədəfə alan qalmaqallı müzakirələrə səbəb olub. Hətta o, Peter Macarla evliliyindən bəhs etdiyi “Bədheybətlə 16 il” adlı kitab da yazıb. Bu kitabda xanım Varqa keçmiş əri haqda səs-küy doğuran müxtəlif ittihamlara yer verib. Məsələn, bir yerdə yazır:“O, məni döydü, uşaqların gözü qarşısında mastürbasiya etdi və küçüklərdən birini mikrodalğalı sobada gözümüzün qabağında öldürdü. Bundan sonra uşaqların psixoloji yardıma ehtiyacı var idi”.2024-cü ildə Peter Macar hakim “Fides” partiyasından çıxaraq siyasi fəaliyyətini müxalifətdə olan “Tisa” partiyasında davam etdirməyə başladı.Peter Macar prezident Katalin Novakın imzaladığı əfv sərəncamı ilə bağlı qalmaqal fonunda hakim “Fides” partiyasından ayrılıb.

Belə ki, Katalin Novak (2022–2024-cü ildə prezident olub) uşaq evinin keçmiş direktor müavininin əfv edilməsi üzə çıxdıqdan sonra istefa verməyə məcbur olmuşdu. Həmin şəxs müəssisədə uşaqlara qarşı cinsi zorakılıq hallarının gizlədilməsində iştirak etmişdi.

P.Macarın keçmiş həyat yoldaşı Yudit Varqa əfv qərarı imzalanarkən ədliyyə naziri vəzifəsini tuturdu və Avropa Parlamentinə seçkilərdə hakim “Fides” partiyasının siyahısına rəhbərlik edəcək əsas namizəd kimi nəzərdən keçirilirdi. Qalmaqaldan sonra o, deputat mandatından imtina etdi və seçki kampaniyasında iştirakdan çəkildi.

Müxalifətə keçəndən sonra iqtidaryönlü mətbuat Peter Macarla bağlı qalmaqallı hadisələr haqda yazmağa davam etdi. Belə qalmaqallı yazıların birində qeyd olunurdu ki, Budapeştdəki gecə klubunda Peter Macar - ehtimal ki, sərxoş vəziyyətdə - onu rəqs edərkən çəkməyə çalışan bir nəfərin telefonunu əlindən alaraq Dunay çayına atıb.Siyasi təzyiqlərə məruz qaldığını qeyd edən Peter Macar tərəfdarlarına ünvanladığı xəbərdarlıqda hakimiyyətin onun əleyhinə “rus üslubunda qarayaxma əməliyyatı” hazırladığını, yəni keçmiş sevgilisi ilə olan “intim an”ın videosunun yayımlana biləcəyini bildirdi.Peter Macar keçmiş sevgilisi ilə bir mənzildə olduğunu qeyd edərək, gizli şəkildə videoya çəkilə biləcəyini söylədi.“Bəli, mən 45 yaşlı bir kişiyəm, mənim də cinsi həyatım var”, - deyə o, həmin vaxt X sosial şəbəkəsində yazmışdı.

Lakin Macarın əvvəlcədən “elan etdiyi” videonun yayımlanmasına rast gəlinmədi.

Peter Macarın hazırkı şəxsi həyatı ilə bağlı məlumatlar daha məhduddur. Açıq mənbələrdə onun yeni həyat yoldaşının olub-olmaması barədə dəqiq və təsdiqlənmiş informasiya yoxdur. Bəzi mediada onun yeni münasibətlərə başladığı barədə iddialar səslənsə də, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

Hazırda Peter Macar daha çox siyasi fəaliyyəti və çıxışları ilə gündəmdədir.

Peter Macarın şəxsi həyatı onun siyasi karyerası qədər maraq doğursa da, mövcud məlumatlar göstərir ki, o, hazırda şəxsi münasibətlərini ictimai müzakirədən kənarda saxlamağa çalışır.Keçmiş evliliyi və ayrılığı geniş rezonans doğursa da, yeni həyat yoldaşı barədə konkret və təsdiqlənmiş məlumat hələlik yoxdur.Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
modern.az

1Mənbələr