AZ

“Cərimələr bəzi hallarda aşağı gəlirli vətəndaşlar üçün ciddi maliyyə yükünə çevrilir" - Ekspert

Son illərdə Azərbaycanda tətbiq olunan cərimələrin məbləğlərində artım müşahidə edilir. Bu isə bir çox vətəndaşların narazılığına səbəb olub — insanlar cərimələrin gəlir səviyyələri ilə uyğun olmadığını, bəzi hallarda isə ödəniş üçün borc və ya kredit götürmək məcburiyyətində qaldıqlarını bildirirlər. Məsələ cəmiyyət daxilində inzibati sanksiyaların sosial təsiri və ədalətlilik prinsipi ətrafında müzakirələri daha da aktuallaşdırır.

Nəqliyyat eksperti Adil Nəbiyev QHT.az-a açıqlamasında Azərbaycanda son illərdə tətbiq olunan cərimələrin artmasının əsasən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, intizamın gücləndirilməsi və qayda pozuntularının qarşısının alınması məqsədi daşıdığını bildirib. 

Adil Nəbiyev bildirib ki, bu yanaşma hüquqi baxımdan qaydaların icrasına xidmət etsə də, cərimələrin vətəndaşların real sosial-iqtisadi vəziyyəti ilə uyğunluğu məsələsi getdikcə daha çox müzakirə olunur. Onun sözlərinə görə, xüsusilə aşağı və orta gəlirli vətəndaşlar üçün bəzi cərimələr ciddi maliyyə yükünə çevrilir, hətta bəzi hallarda onların borc və ya kredit hesabına ödənilməsi müşahidə olunur. 

Ekspert qeyd edib ki, “eyni məbləğ yüksək gəlirli şəxs üçün sadəcə xəbərdarlıq xarakteri daşıdığı halda, aşağı gəlirli vətəndaş üçün ciddi sosial problemə çevrilir".

A.Nəbiyevin sözlərinə görə, hazırkı sistemdə cərimələrin əsasən pozuntunun növünə görə sabit məbləğlə müəyyən olunması formal hüquqi bərabərlik kimi təqdim edilsə də, faktiki təsir baxımından fərqli gəlir qrupları arasında qeyri-bərabərlik yaradır. O vurğulayıb ki, bu vəziyyət cərimələrin əsas məqsədi olan çəkindiricilik effektini zəiflədə bilər. 

Ekspertin fikrincə, daha balanslı və effektiv siyasət üçün gəlirə proporsional cərimə modelinin, o cümlədən bir sıra Avropa ölkələrində tətbiq olunan günlük gəlirə əsaslanan mexanizmlərin nəzərdən keçirilməsi məqsədəuyğundur.

Ekspert vurğulayıb ki, az ağır pozuntular üçün ictimai işlər, maarifləndirici təlimlər və sürücülük davranışına yönəlmiş təkrar tədris proqramları kimi alternativ cəza mexanizmləri həm sosial yükü azalda, həm də uzunmüddətli davranış dəyişikliyinə səbəb ola bilər. O əlavə edib ki, cərimə siyasətində şəffaflığın artırılması və vətəndaşlara tətbiq olunan sanksiyaların məqsədinin aydın izah edilməsi ictimai etimadın güclənməsinə xidmət edir. Adil Nəbiyev bildirib: “Cərimə siyasəti yalnız maliyyə sanksiyası kimi deyil, davranışın dəyişdirilməsinə yönəlmiş preventiv və tərbiyəvi mexanizm kimi formalaşdırılmalıdır".

Fatimə Nəbiyeva

Seçilən
21
qht.az

1Mənbələr