AZ

Azərbaycan İranda müharibənin dayandırılması ilə bağlı atılan addımları dəstəkləyir - ŞƏRH

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan hər zaman İranla münasibətlərə hörmətlə yanaşıb və ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafına yüksək dəyər verib. Çünki, İran Azərbaycanın yaxın qonşusudur və bizi dərin tarixi, mədəni və dini bağlar birləşdirir. İranda sülhün və inkişafın təmin olunması, eyni zamanda, bu ölkədə yaşayan on milyonlarla soydaşımızın rifahı və təhlükəsizliyi deməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycan regionda gərginliyin azalmasına, sülhün və əməkdaşlığın möhkəmlənməsinə daim töhfə verməyə çalışır. Aprelin 8-də Prezident İlham Əliyevin Məsud Pezeşkiana zəng edərək İran–ABŞ arasında əldə olunmuş iki həftəlik atəşkəs münasibətilə təbriklərini çatdırması da bunun bariz nümunəsidir. Bu addım Azərbaycanın münaqişələrin yalnız diplomatik yollarla həllinə üstünlük verdiyini bir daha nümayiş etdirir.

“Uzun illər torpaqları işğal altında qalmış bir ölkə kimi Azərbaycan müharibənin ağır nəticələrini çox yaxşı bilir. Bu səbəbdən də ölkəmiz bütün münaqişələrin dövlətlərin suverenliyi və beynəlxalq hüquq prinsipləri çərçivəsində, sülh yolu ilə həllini dəstəkləyir. İranda baş verən müharibənin fəsadları isə olduqca ağırdır. Buna görə də Azərbaycan İranda müharibənin dayandırılması istiqamətində atılan bütün addımları və dialoq təşəbbüslərini dəstəkləyir.

Prezident İlham Əliyevin iranlı həmkarına zəng etməsi təkcə siyasi deyil, həm də mənəvi dəstəyin göstəricisidir. Bu, Azərbaycanın İran xalqının yanında olduğunu açıq şəkildə nümayiş etdirir. Doğrudur, zaman-zaman Azərbaycan–İran münasibətlərində gərginlik yaratmağa çalışan qüvvələr olub. Lakin Azərbaycan hər zaman səmimi dostluq və mehriban qonşuluq münasibətlərini qorumağa üstünlük verib”,- deyə A.Badamov deyib.

Deputat əlavə edib ki, müharibə dövrləri dövlətlərin həqiqi mövqeyini daha aydın göstərir. Bir çox ölkələr belə vəziyyətlərdə ehtiyatlı və qeyri-müəyyən mövqe sərgilədiyi halda, Azərbaycan öz müstəqil və prinsipial siyasətinə sadiq qalaraq çətin günlərdə İran xalqına dəstəyini açıq şəkildə ifadə edir.

“Azərbaycan humanitar sahədə də fəal mövqe nümayiş etdirib. Müharibədən zərər çəkmiş əhaliyə humanitar yardımlar göndərilib, müxtəlif kanallar vasitəsilə dəstək göstərilib. Eyni zamanda, bölgədə təhlükəsizliyin təmin olunması və insanların təxliyəsi istiqamətində mühüm addımlar atılıb. Bu, Azərbaycanın yalnız siyasi deyil, həm də humanitar dəyərlərə sadiq olduğunu sübut edir.

Azərbaycan həm tarixi bağlara, həm də beynəlxalq hüquqa əsaslanaraq regionda sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın tərəfdarı kimi çıxış edir. İranla münasibətlərdə də bu prinsipial yanaşma qorunur və gələcəkdə daha da inkişaf etdirilməsi hədəflənir”,- deyə o vurğulayıb.

 

Seçilən
15
1
azertag.az

2Mənbələr