SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov “Enerjimiz Bir” jurnalının yeni sayında şirkətin fəaliyyəti və strateji hədəfləri barədə fikirlərini bölüşüb.
“İki sahil” xəbər verir ki, o bildirib ki, “SOCAR Türkiyə” enerji və sənaye sahəsində həyata keçirdiyi layihələri yalnız cari ehtiyaclara cavab verən addımlar kimi deyil, eyni zamanda Türkiyənin enerji gələcəyinə töhfə verən uzunmüddətli strategiyanın tərkib hissəsi kimi qiymətləndirir.
Elçin İbadov qeyd edib ki, son dövrdə həyata keçirilən mühüm layihələrdən biri Kırıkkalədə yerləşən Orta Anadolu Təbii Qaz Kombinə Elektrik Stansiyasının portfelə daxil edilməsidir. Bu addımın şirkətin inteqrasiya olunmuş enerji dəyər zəncirini daha da gücləndirəcəyi və Türkiyənin enerji təchizat təhlükəsizliyinə töhfə verəcəyi bildirilib.
Şirkət rəhbəri əlavə edib ki, qlobal enerji sektorunda baş verən transformasiya fonunda davamlılıq və innovasiya əsas prioritetlərdən biridir. Bu çərçivədə Dayanıqlı Aviasiya Yanacağı (SAF) ticarətinə başlanılması aşağı karbonlu həllərə keçidin mühüm göstəricisidir.
O həmçinin TAV Hava Limanları ilə həyata keçirilən strateji əməkdaşlığın enerji səmərəliliyi və dayanıqlı əməliyyatlara mühüm töhfə verdiyini qeyd edib.
Bununla yanaşı, Orta Şərq Texniki Universiteti ilə birgə həyata keçirilən proqramlar və “Enerjidə Qadın Günləri” təşəbbüsü çərçivəsində qadınların enerji sektorunda rolunun artırılmasının vacibliyi vurğulanıb.