AZ

İslamabadın məramı göyərmədi

Dialoqun bərpası üçün irəli sürülən tələblər

Vaşinqton və Tehran arasında yaranan dərin hərbi-siyasi böhranın tənzimlənməsi məqsədilə İslamabad şəhərində üzbəüz görüşlər keçirilib. Tarixi xarakter daşıyan təmaslar qlobal təhlükəsizlik arxitekturasının ən kritik sınağı kimi diqqət mərkəzində idi. İki dövlətin rəsmi nümayəndələrinin eyni masa arxasında əyləşməsi 1979-cu il inqilabından bəri müşahidə edilməyən nadir diplomatik hadisə sayılır. Görüşlərin əsas məqsədi mövcud hərbi qarşıdurmanın dayandırılması, atəşkəs rejiminin daimi sülhə çevrilməsi və qlobal miqyasda sabitliyin bərpası kimi müəyyənləşdirildi. Bu diplomatik addımın Pakistan hökumətinin intensiv vasitəçilik səyləri sayəsində baş tutduğu qeyd olunmalıdır. Danışıqlar 20 saatdan çox davam edərək təfərrüatlı siyasi, texniki və iqtisadi müzakirələrlə yadda qaldı.

ABŞ nümayəndə heyəti dərin hərbi-iqtisadi ekspertizaya malik mütəxəssislərdən ibarət idi. Vaşinqtonun yekun razılaşma üçün əsaslı iradə nümayiş etdirməsi komandanın tərkibindən bəlli olurdu. Amerika diplomatlarının qarşısında qoyulan başlıca hədəf mövcud atəşkəsi daimi sülh sazişinə çevirmək, eyni zamanda, rəqib dövlətin nüvə proqramını tamamilə məhdudlaşdırmaq idi. Vaşinqton hərbi qarşıdurmanın iqtisadi dayaqlarını dağıtmaq niyyəti güdürdü. Digər cinahda isə İran rəsmilərinin başçılıq etdiyi 70 nəfərlik təcrübəli heyət mövqe tutdu. Tehran təmsilçiləri sırasına Mərkəzi Bankın və Müdafiə Şurasının nümayəndələri də qatıldı. Məlum tərkib açıq şəkildə göstərirdi ki, Tehran hərbi eskalasiyanın dayandırılması qarşılığında ağır iqtisadi sanksiyaların ləğvini, beynəlxalq banklarda bloklanan maliyyə vəsaitlərinin qaytarılmasını tələb edəcək. Hər iki tərəfin maksimum dərəcədə sərt mövqedə dayanması danışıqların fərqli və olduqca mürəkkəb formatda cərəyan etməsinə səbəb oldu.

Vasitəçilərin cəhdlərinə baxmayaraq, tərəflərin maraqları arasında yaranan dərin uçurum dialoq mühitini gərginləşdirməkdə idi. Müzakirələr zamanı irəli sürülən şərtlər yalnız hərbi xarakter daşımır, eyni zamanda, qlobal iqtisadi arxitekturanın təməl prinsiplərinə toxunurdu. Uzun sürən danışıqların yekun nəticəsi sülh prosesini dəstəkləyən qüvvələrin ümidlərini doğrultmadı. Vaşinqton təmsilçiləri mətbuat qarşısına çıxaraq diplomatik dialoqu rəsmən dayandırdığını bəyan etdilər. Amerika rəsmiləri qeyd etdilər ki, Vaşinqton kifayət qədər sakit mövqe nümayiş etdirərək ortaq məxrəcə gəlmək istəyirdi, lakin İran təmsilçilərinin irəli sürdüyü şərtlər prosesin dayanmasına gətirib çıxardı. Əsas fikir ayrılığı yaradan elementlərdən biri nüvə proqramının dondurulması məsələsi üzərində cəmləşirdi. ABŞ rəhbərliyi zənginləşdirilən uran ehtiyatlarının beynəlxalq nəzarətə verilməsini mütləq norma sayırdı. Lakin Tehran komandası məlum tələbi qəbul etməyərək, texnoloji inkişaf hüquqlarının məhdudlaşdırıla bilməyəcəyini vurğuladı. Nümayəndə heyətinin rəhbəri hesab edirdi ki, Amerika rəsmiləri zəruri etimad mühiti formalaşdırmaqda tərəddüd edirlər. Nəticədə, güzəştə gedilmədi, dialoq bərpa prosesinə keçə bilmədi. Təqdim edilən tələblərin maksimalistliyi prosesin mürəkkəbliyini göstərirdi.

***

Danışıqların əsas mövzusu Hörmüz boğazının statusunun müəyyənləşdirilməsi ilə bağlı idi. Ərəbistan yarımadası və Asiya qitəsinin cənubu arasında yerləşən dəniz keçidi dünya neft dövriyyəsinin iyirmi faizini təmin etməklə strateji əhəmiyyət daşıyır. Qlobal iqtisadiyyatın fasiləsiz fəaliyyəti məhz bəhs edilən su dəhlizinin açıq və təhlükəsiz qalmasından asılıdır. Müzakirələr masasında Tehran nümayəndələri Hörmüz boğazından tranzit keçid edən ticarət gəmilərindən xüsusi rüsum alınması və tranzit mexanizminin yerli hərbi dəniz qüvvələrinin mütləq nəzarəti altında həyata keçirilməsi tələbini aktuallaşdırdılar. Qeyd edilən tələb Vaşinqtonun regiondakı maraqlarına, habelə beynəlxalq dənizçilik hüququna fərqli yanaşma tələb edirdi. Amerika administrasiyası üçün beynəlxalq suların azadlığı məsələsi həlledici prinsip hesab olunur. Amerika tərəfi bəyan etdi ki, azad ticarət yollarının hər hansı təzyiq vasitəsinə çevrilməsi məqbul sayıla bilməz. Tərəflərin Hörmüz dəhlizi ilə bağlı baxış fərqlilikləri ortaq variantın tapılmasını mümkünsüz hala gətirdi. Tehranın boğazı nəzarətdə saxlamaqla iqtisadi mövqeyini gücləndirmək istəyi Amerika administrasiyası tərəfindən regional balansı dəyişmə addımı kimi dəyərləndirildi.

Diplomatik təmasların nəticəsiz qalmasının ardınca vəziyyət fərqli, yeni müstəviyə keçdi. Amerika hökuməti qərar qəbul edərək Hörmüz boğazında xüsusi təyinatlı dəniz nəzarətinin tətbiq ediləcəyini rəsmən elan etdi. Qərarın mahiyyəti ondan ibarət idi ki, hərbi gəmilər vasitəsilə mütəmadi yoxlamalar aparılacaq, hədəflənən ölkənin limanlarından çıxan və yaxud həmin istiqamətə hərəkət edən yük daşıyıcılarının sərbəst hərəkəti məhdudlaşdırılacaq, qeyri-rəsmi neft tranziti durdurulacaq. Həmin addım Vaşinqtonun münaqişəni quruda tam hərbi zərbələr səviyyəsinə qaldırmadan, dənizdə iqtisadi məhdudlaşdırma metodunu seçdiyini təsdiqləyirdi. Tətbiq edilən dəniz nəzarəti yalnız leqal ticarət əməliyyatlarını deyil, eyni zamanda, qeyri-rəsmi ticarət üzərindən icra edilən ixrac mexanizmini azaltmaq məqsədi daşıyır.

***

İslamabad danışıqlarının fiaskoya uğraması beynəlxalq arenada dərhal reaksiya doğurdu. Avstraliyanın Baş naziri Antoni Albanizi yaranan mürəkkəb vəziyyətlə əlaqədar narahatlığını ifadə edərək, Amerika və İran arasında danışıqların təcili bərpasına çağırdı. Hökumət rəhbəri rəsmi Kanberranın dialoqun davam etdirilməsini dəstəklədiyini bildirdi. Siyasətçi bəyanatında dərhal məsələyə toxunaraq danışıqların bərpasını qətiyyətlə dəstəklədiklərini, Yaxın Şərqdə insan tələfatının və mülki infrastrukturun dağıdılmasının dayandırılmasını görmək istədiklərini xüsusilə vurğuladı. Əlavə olaraq, Baş nazir qeyd etdi ki, Kanberra ticarətin tezliklə bərpa olunacağına ümid edir. Siyasətçinin rəsmi açıqlamasına görə, mövcud vəziyyət artıq qlobal iqtisadiyyata kəskin təsir göstərir və təkcə Avstraliyanı deyil, digər ölkələri də əhatə edir.

Paralel olaraq, diplomatik vəziyyətin dəyişdiyi ərəfədə İran və Rusiya prezidentləri arasında telefon danışığı baş tutdu. İran Prezidenti Məsud Pezeşkian ədalətli razılaşmanın əldə olunmasına maneə kimi ABŞ tərəfinin ikili standartlarını göstərdi. Dövlət rəhbəri vurğuladı ki, İran regionda davamlı sülh və təhlükəsizliyi təmin edəcək balanslaşdırılan və ədalətli razılaşmanın əldə olunmasına tam hazırdır. Pezeşkian Amerikanın beynəlxalq hüquq çərçivəsinə riayət edəcəyi təqdirdə razılaşmanın əldə olunmasının qeyri-mümkün olmadığını açıq şəkildə qeyd etdi.

Qeyd edilən siyasi sarsıntılar Yaxın Şərq coğrafiyasında formalaşan balansı silkələdi. Pakistan kimi nüfuzlu ölkənin maksimum dərəcədə qərəzsiz və konstruktiv cəhdlərinə baxmayaraq razılaşmanın əldə olunmaması münaqişənin tezliklə həll edilməsinin çətinliyini təkrar sübut etdi.

Yusif ŞƏRİFZADƏ
XQ

Seçilən
18
1
xalqqazeti.az

2Mənbələr