AZ

13 donor 73 insana həyat verdi - SN açıqladı

“Bu günə qədər beyin ölümü keçirmiş 13 meyid donordan 73 orqan və toxuma transplantasiya edilib”

Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb.

Onun sözlərinə görə, onlardan 23-ü böyrək, 13-ü qaraciyər, 2-i ürək, 30-u isə gözün buynuz qişasıdır: “Ümumilikdə isə beyin ölümü protokolu tərtib olunduqdan bu günə qədər 72 nəfərə beyin ölümü diaqnozu qoyulub. Bunlardan 14 nəfər rəhmətə gedib, ikinci dəfə beyin ölümü təstiqi üçün zaman çatmayıb. 27 nəfərin orqanları köçürülməyə uyğunsuz olub, 18 nəfərin yaxınları isə imtina edib”.

Y.Abbasova bildirib ki, transplantasiyaya olunmuş orqan və toxumalar əməliyyatı icra edən həkim komandası tədəfindən daim nəzarətdə saxlanılır, mütəmadi olaraq qan təhlillərinə baxılır, qəbul olunan immunsupressiv dərmanların dozaları qan təhlillərinə uyğun tənzimlənir:

“Lazımi hallarda digər müayinə metodlarından istifadə olunur. Transplantasiya edilmiş orqanların keyfiyyətinə nəzarət klinik qiymətləndirmə, laborator və instrumental müayinələri əhatə edir. Həkimlər xəstənin ümumi vəziyyətini və transplantasiya olunmuş orqanın funksiyasını mütəmadi olaraq qiymətləndirirlər. Qan və digər laborator analizlər vasitəsilə orqanın funksional göstəriciləri və mümkün immun reaksiyalar izlənilir. Eyni zamanda ultrasəs müayinəsi, kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası kimi instrumental üsullar orqanın strukturu və qan dövranını qiymətləndirməyə imkan verir. Zərurət yarandıqda transplantasiya olunmuş orqandan biopsiya götürülərək histoloji müayinə aparılır və rədd olunma əlamətləri araşdırılır. Ümumilikdə əməliyyat olunan resipientler haqqında günlük, həftəlik, aylıq və illik təqiblər Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə mütəmadi olaraq göndərilir”.

Seçilən
24
3
bakivaxti.az

4Mənbələr