AZ

İsrail xalqı İranla atəşkəsə "yox" deyir - Netanyahunun taleyi müharibədən asılıdır

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Qüds İvrit Universitetinin keçirdiyi son rəy sorğusu İsrail cəmiyyətində İranla münasibətlər və mövcud müharibə fonunda ciddi parçalanmanın olduğunu üzə çıxarıb.

TurkicWorld xəbər verir ki, sorğu nəticələrinə görə, İsrail əhalisinin təxminən üçdə ikisi İranla atəşkəs əldə olunmasına qəti şəkildə qarşı çıxır. Keçən həftə ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə əldə olunmuş iki həftəlik müvəqqəti barışıq sazişi İsrail daxilində birmənalı qarşılanmayıb. Xalqın bir hissəsi bu fasilədən hücumları bərpa etmək üçün istifadə olunmasını, digər hissəsi isə razılaşmaya əməl edilməsini dəstəkləyir.

İslamabadda baş tutan genişmiqyaslı sülh danışıqlarının uğursuzluqla nəticələnməsi bölgədə gərginliyi yenidən pik həddə çatdırıb. Atəşkəs rejimi ABŞ və İsrailin İrana qarşı birbaşa hava zərbələrini dayandırsa da, Livan cəbhəsində "Hizbullah" ilə gedən qanlı döyüşlər səngimək bilmir. İsrail ordusunun Livanın cənubuna endirdiyi zərbələr nəticəsində çox sayda mülki şəxsin həyatını itirməsi və qarşı tərəfin İsrailin şimal şəhərlərini raket atəşinə tutması müharibənin coğrafiyasının genişləndiyini göstərir.

Sorğunun ən diqqətçəkən məqamı isə respondentlərin 61 faizindən çoxunun atəşkəsin "Hizbullah"a şamil edilməməsini istəməsidir. Bu, İranın ABŞ qarşısında qoyduğu əsas tələblərdən biri olsa da, İsrail cəmiyyəti bu məsələdə güzəştə getmək niyyətində deyil. Hazırda İsrail əhalisinin 39 faizi İrana hücumların dərhal davam etdirilməsinin tərəfdarıdır. 1312 nəfər arasında aparılan bu araşdırma İsrail rəsmilərinin bölgədəki düşmənlərini tamamilə məhv edə bilməyəcəkləri qənaətinə gəldiyi bir vaxtda, ölkənin uzunmüddətli və genişmiqyaslı müharibəyə hazırlaşdığını təsdiqləyir.

Siyasi müstəvidə isə Baş nazir Benyamin Netanyahu üçün vəziyyət getdikcə pisləşir. Oktyabr ayında keçirilməsi planlaşdırılan seçkilər öncəsi Netanyahunun reytinqi müharibənin əvvəlindəki 40 faizdən 34 faizə düşüb. Xalqın hərbi uğurlara olan inamının sarsılması, müharibənin yaratdığı qeyri-müəyyənliklə birləşərək hazırkı hökumətin gələcəyini ciddi sual altına qoyur.

Seçilən
29
turkic.world

1Mənbələr