AZ

"Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüşlər barışın vacib elementi kimi çıxış edir

Postmünaqişə mühitində cəmiyyətlər arasında etimadın bərpası çox vaxt rəsmi siyasi razılaşmalar qədər vacib olur. Bu məqsədə nail olmağın ən effektiv yollarından biri vətəndaş cəmiyyəti dialoqu təşəbbüsləridir. Çünki bunlar mühüm etimad quruculuğu tədbirləri kimi çıxış edir. Bu təşəbbüslər qarşı tərəfdən olan qeyri-hökumət aktorlarını açıq və konstruktiv müzakirələr üçün bir araya gətirir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında deyib ki, rəsmi danışıqlardan fərqli olaraq bu dialoqlar çevik və qeyri-rəsmi mühitdə keçirilir. Bu isə iştirakçılara fikirlərini daha sərbəst ifadə etməyə, suallarına cavab tapmağa və tədricən qarşılıqlı anlayışı bərpa etməyə imkan verir. "Beynəlxalq təcrübə də bu cür dialoqların vacibliyini təsdiqləyir. "Böhran İdarəetməsi Təşəbbüsü" (Crisis Management Initiative) və "Ortaq Məxrəc üçün Axtarış" (Search for Common Ground) kimi beynəlxalq təşkilatlar münaqişə bölgələrində - Konqo, Syerra-Leone, Burundi, Nepal kimi ölkələrdə vətəndaş cəmiyyəti ilə işləyərək barışıq prosesinə töhfə veriblər. Bu cür təşəbbüslər dünyanın müxtəlif bölgələrində həyata keçirilir. Oxşar proseslər Yuqoslaviya müharibələrindən sonra Balkanlarda və digər münaqişə bölgələrində də müşahidə edilib", - deyə o əlavə edib.

Tarixboyu müxtəlif dialoq formatlarının formalaşdığını deyən deputat qeyd edib ki, "Track II" diplomatiyası çərçivəsində ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri rəsmi siyasi kanallardan kənarda həll yollarını müzakirə edirlər. "Track 1.5" dialoqları vətəndaş cəmiyyəti nümayəndələri ilə siyasətçiləri bir araya gətirərək həssas məsələlərin müzakirəsi üçün platforma yaradır. Təcrübə göstərir ki, vətəndaş cəmiyyəti nümayəndələri ilə rəsmilərin görüşü həssas məsələlərin müzakirəsi və sınaqdan keçirilməsi üçün imkan yaradır.

P.Vəliyeva vurğulayıb ki, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı, etnik təmizləmə, mina terroru, məcburi köçkünlərin geri qayıtmaq hüququ, eləcə də Ermənistanın 30 ildən artıq müddətdə törətdiyi ekoloji zərərlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində hər zaman fəal iştirak ediblər: "Bu gün isə vətəndaş cəmiyyəti təşkilatları iki ölkə arasında sülhün qurulmasına töhfə verməkdə fəal rol oynayırlar. Ərazilərimiz Ermənistanın işğalı altında olduğu dövrdə də hər iki ölkənin QHT-ləri və beyin mərkəzləri arasında bəzi ikitərəfli görüşlər keçirilirdi. Lakin bu çağırış və görüşlərin heç biri konstruktiv olmurdu. Bunun əsas səbəbi isə Ermənistan tərəfində siyasi iradənin olmaması idi".

Ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmaların Azərbaycan-Ermənistan münasibətlərində mühüm dönüş nöqtəsi olduğunu vurğulayan deputat bildirib ki, sülhə doğru konstruktiv irəliləyiş Cənubi Qafqazda yeni bir dövrün başlanğıcını qoyub və genişmiqyaslı normallaşma prosesinə təkan verib. Paraflama imzalama ilə eyni hüquqi status olmasa da, davamlı sülhə doğru mühüm bir addımdır. Sülh yalnız rəsmi sənədlərdə deyil, insanların düşüncəsində, davranışında və cəmiyyətlərarası münasibətlərdə də öz əksini tapmalıdır. 

P.Vəliyeva qeyd edib ki, normallaşma prosesinin tərkib hissəsi kimi, iki ölkənin vətəndaş cəmiyyəti arasında bu günədək görünməmiş mübadilə təşəbbüsləri həyata keçirilir: "Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda, daha sonra Bakıda görüş keçiriblər. Bir neçə ay öncə ölkəmizin vətəndaş cəmiyyəti üzvləri Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya olunmuş hissəsindən keçiblər. Aprelin 10-da isə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə, delimitasiya və demarkasiya edilmiş sahədən daxil olub, bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib. Bu təşəbbüslər rəsmi sülh sazişini əvəz etməsə də, onların tamamlayıcı elementi kimi çıxış edir. Təsiri çox vaxt tədricən hiss olunsa da, uzun müddətdə daha sabit və əməkdaşlığa açıq bir mühitin yaranmasına töhfə verir. Postmünaqişə dövründə vətəndaş cəmiyyəti dialoqu davamlı və dayanıqlı sülhün təmin olunması üçün zəruridir. Gələcəkdə birgə bəyanatların verilməsi, gənclərin və jurnalistlərin mübadilə təşəbbüsləri də həyata keçirilə bilər ki, bu da etimad quruculuğuna xidmət edər".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr