AZ

Komandadan uzaqlaşdırdığı futbolçu haqda: “Dönüşünü səbirsizliklə gözləyirəm”

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor komandanın yarımmüdafiəçisi Enzo Fernandesin ətrafında yaranmış vəziyyətə münasibət bildirib.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı, futbolçuya tətbiq olunan sanksiyanın şəxsi xarakter daşımadığını vurğulayıb:

“İstənilən komanda Fernandes kimi oyunçunu itirməkdən əziyyət çəkər. Mən rəhbərlik və idman direktorlarının dəstəyi ilə klub üçün uzunmüddətli qərar verdim.

Burada şəxsi məsələ yoxdur. O, sabah komandaya qayıdacaq.

Enzo yüksək səviyyəli futbolçu və həqiqətən, yaxşı insandır. Onun geri dönüşünü səbirsizliklə gözləyirəm.

Qeyd etdiyim maneə bundan ibarət idi: Fernandes rəhbərliklə, komandanın aparıcı oyunçuları və digər futbolçularla danışmaq istəyirdi.

Mən mətbuat konfransı keçirəndə bu, hələ baş verməmişdi. İndi isə o, mənimlə, klub rəhbərliyi və bütün komanda ilə danışıb. Biz onun qayıdışını səbirsizliklə gözləyirik”.

Argentinalı futbolçu “Real”a mümkün keçidi ilə bağlı səsləndirdiyi fikirlərə görə müvəqqəti olaraq komandadan kənarlaşdırılmışdı.

O, açıqlamalarının birində Madriddə yaşamaq istədiyini demiş, bu isə onun karyerasını “kral klubu”nda davam etdirməyə eyham vururmuş kimi qiymətləndirilmişdi.

Baş məşqçi isə bildirib ki, Fernandes bununla komandanın dəyərlərini müəyyən edən həddi aşıb.

Seçilən
18
sportinfo.az

1Mənbələr