AZ

Sabir Rüstəmxanlı həyat yoldaşının müdafiəsinə qalxdı: “Əxlaqsız, öz millətindən bixəbər...”

"Nədən yazırsan yaz, hadisələrə necə münasibət bildirirsən bildir, söhbətin nədən getdiyini bilməyən bir dəstə nadan, böhtançı, şər atmağa fürsət gəzən, əxlaqsız, öz millətindən bixəbər ortaya düşüb sənin sözünü öz ağılları kəsən və ya şərəfsizliklərinə uyğun şəkildə yozacaqlar. Bəlkə biz Xameneyiyə yas keçirmişik?"

"Yeni Sabah" xəbər verir ki, bunu sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib. 

Sabir Rüstəmxanlı həyat yoldaşı, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının İranın Ali rəhbəri Əli Xameneinin vəfatının 40 mərasiminin Bakıda keçirilməsi ilə bağlı fikirlərini tənqid edənlərə belə cavab verib. 

"Bəlkə siz yası keçirənlərin kimliyini və məqsədini bilmirsiniz? Hansı haqla bizi bu işlərə qatırsınız? Yas “simvolik məna daşıyır” demək yas keçirmək və ya ona haqq qazandırmaqdır? Bu sözü demək İran molla rejimini müdafiə etməkdir? Dil bilmirsinizsə, gedin oxuyun, dilimizi öyrənin! Gedin 28 il öncə və 4 ay əvvəl Xameneyiyə yazdığım açıq məktubları tapıb oxuyun! Görün kim indiki İran rejiminin düşmən mahiyyətini məndən artıq açıb göstərib, kim İran türklərinin hüquqlarını on illərlə ardıcıl şəkildə müdafiə edir? Biri türkçülüyümüzə dil uzadır, birə bizi İranpərəst sayır, digəri İran düşməni kimi haqqımızda fitva verir…Bu nə qaragüruhdur? Sizin ananız, bacınız, qızınız yoxdur? Zərrə qədər namusu, qeyrəti olan adam başqasının ailəsinə dil uzatmaz. Sürü təfəkkürü ilə yaşayan və uydurma kimliklərlə ortaya çıxanlar nə vaxta qədər üzdə olan adamlarımızı gözdən salmağa çalışacaqlar? Bu insan olana yaraşan işdir?".

Xatırladaq ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda rəsmilərin iştirakı ilə anım mərasiminin keçirilməsi müzakirə yaratmışdı. Başqa dövlətin dini lideri üçün yas mərasiminin təşkili tənqid edilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Tənzilə Rüstəmxanlı isə o zaman Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanın qonşu dövlətlərlə, o cümlədən İranla münasibətləri tarixən dostluq və hərtərəfli münasibətlər üzərində qurulub.

Deputat bildirib ki, iki ölkə arasında iqtisadi, siyasi, mədəni münasibətlər də hər zaman yüksək səviyyəsi ilə seçilib: “Bu, qonşu ölkənin fevralın 28-dən apardığı müharibə günlərində də belə olub. Azərbaycan İrana humanitar yardım göndərməklə yanaşı, öz ərazisindən üçüncü ölkə vətəndaşlarının, diplomatlarının maneəsiz keçidinə dəstək göstərib. İranın Ali Dini Lideri Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verən ilk xarici ölkə liderinin Azərbaycan Prezidenti olması da xüsusi diqqətə layiqdir. Onun şəxsən İran səfirliyinə gedərək ehtiramını bildirməsi iki xalq arasında mənəvi yaxınlığın göstəricisi kimi dəyərləndirilə bilər. Əli Xameneinin vəfatının 40 mərasiminin ilk xarici ölkə kimi Azərbaycanda qeyd olunması xüsusi simvolik məna daşıyır. Bu addım Azərbaycan xalqının İran xalqına olan hörmətinin və ortaq dəyərlərin ifadəsi kimi qiymətləndirilə bilər. Bu bir ortaq inanca, ortaq etiqada malik iki xalqın mənəvi həmrəyliyinin və bir din xadiminə göstərilən sayğının ifadəsidir. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə keçirilən bu mərasim həm xalqımızın dini dəyərlərə sadiqliyinin, həm də qonşu ölkəyə mənəvi dəstəyinin göstəricisidir. Burda hər hansı siyasi yozumlar aparmaq yolverilməzdir”.

 


Telegram kanalımız
Seçilən
18
yenisabah.az

1Mənbələr