AZ

Qayıdış könüllüləri mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərində iştirak edirlər

Bakı, 13 aprel,AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin II kurs tələbəsiyəm, həm də “Böyük Qayıdış” Gənclər Təşkilatının könüllüsü kimi fəaliyyət göstərirəm. Cəbrayıl rayonundan olan Qayıdış könüllüləri olaraq ötən ilin iyul ayından etibarən bu fəaliyyətlə məşğuluq və müxtəlif layihələrdə iştirak edirik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Böyük Qayıdış” Gənclər Təşkilatının könüllüsü Emin Əsədli səsləndirib.

Onun sözlərinə görə, könüllülük fəaliyyəti ona yeni təcrübələr, dostluqlar və sosial bacarıqlar qazandırıb: “Könüllü olmaqda əsas məqsədimiz Qarabağa və işğaldan azad olunmuş ərazilərə qayıdış prosesinə dəstək göstərməkdir. Bu çərçivədə biz müxtəlif regionlara, xüsusilə Şərqi Zəngəzur və Ağdam istiqamətinə səfərlər edirik, keçirilən layihə və tədbirlərdə iştirak edirik.

Biz, həmçinin Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi ilə əməkdaşlıq edərək mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərinə qoşuluruq. Bu fəaliyyət zamanı həm nəzəri, həm də praktiki məlumatlar əldə edir, minatəmizləmə prosesi və təhlükəsizlik qaydaları ilə yaxından tanış oluruq. Məqsədimiz yalnız bilik və təcrübə qazanmaq deyil, eyni zamanda, Qarabağa köçən sakinlər və gənclər arasında mina təhlükəsi barədə məlumatlılığın artırılmasıdır. Biz maarifləndirmə işi apararaq insanların daha təhlükəsiz mühitdə yaşamalarına töhfə verməyə çalışırıq. Eyni zamanda, bu proses mənim üçün həm şəxsi inkişaf, həm də Vətənə xidmət baxımından çox önəmlidir”.

Qayıdış könüllüsü Esmira Məmmədzadə AZƏRTAC-a açıqlamasında bildirib ki, könüllülük fəaliyyəti çərçivəsində Qarabağda təşkil olunmuş bir çox layihələrin iştirakçısı olub: “Məqsədimiz Böyük Qayıdışa dəstəkdir. Könüllülük fəaliyyəti ilə məşğul olmaq mənə fərqli təcrübələr qazandırır. Yeni dostlar qazanmağa, ətraf mühitlə tanışlığa, sosiallaşmağa kömək edir. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi ilə minalarla bağlı maarifləndirmə işlərinə qoşuluruq. Qayıdış könüllüləri olaraq işğaldan azad edimiş torpaqlarda yaşayan insanlara mina təhlükəsi barədə məlumat verir, insanların daha təhlükəsiz həyat yaşamasını təşviq edirik”,- deyə o qeyd edib.

Müxbir - Nailə Həsənova
Fotoqraf - Azər İbrahimov
Seçilən
29
1
azertag.az

2Mənbələr