AZ

Diqqətlər bu ölkəyə yönəldi 

Bolqarıstanda növbəti parlament seçkiləri ərəfəsində hakimiyyət seçki prosesinə müdaxilə iddialarına qarşı tədbirləri gücləndirir.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşrində dərc olunan müəllif yazısında (Antuanetta Russi) bildirilir.

Məqalədə qeyd olunur ki, ölkənin baş naziri Andrey Qurov qarşıdan gələn seçkilər öncəsi səs alveri və seçki manipulyasiyasına qarşı daha sərt mübarizə aparılacağını bəyan edib. Bu, son beş ildə keçirilən artıq səkkizinci parlament seçkisi olacaq.

Bildirilir ki, dekabr ayında baş verən kütləvi etirazlar korrupsiya və hüququn aliliyinin zəifləməsi ilə bağlı ittihamlar fonunda hakim koalisiyanın dağılmasına səbəb olub. Qurov isə fevralın 11-də müvəqqəti baş nazir təyin edilib.

Onun sözlərinə görə, hökumətin məqsədi bu dəfə seçkiləri “idarə etmək yox, qorumaqdır”:

“İnsanlar görür ki, bu seçkilər qorunur”.

Məqalədə vurğulanır ki, 19 aprel seçkiləri ərəfəsində hakimiyyət seçkiyə müdaxilə risklərinə qarşı hazırlaşır. Sorğulara görə, sol meyilli keçmiş prezident Rumen Radevin yeni yaratdığı siyasi qüvvə veteran siyasətçi Boyko Borisova qarşı üstünlük qazanır.

Son həftələrdə ölkə üzrə keçirilən əməliyyatlar zamanı 200-dən çox şəxs səs alveri və seçicilərə təzyiq göstərmək ittihamı ilə saxlanılıb. Bu halların bəzilərində sosial yardımlar – istilik dəstəyi və ərzaq paylanması – seçicilərə təsir vasitəsi kimi istifadə olunub.

Qurov bildirib ki, bəzi hallarda yerli məmurlar seçiciləri yanlış məlumatlandıraraq dövlət yardımlarını konkret siyasi qüvvələrin təşəbbüsü kimi təqdim ediblər. Həmçinin, onun sözlərinə görə, Rusiya vətəndaşı olan bir şəxs Stara Zaqora şəhərində seçki saxtakarlığı zamanı saxlanılıb.

Bu arada, Bolqarıstan Xarici İşlər Nazirliyi xarici müdaxilələrə qarşı mübarizə üçün xüsusi bölmə yaradıb və araşdırmaçı jurnalist Xristo Qrozevi prosesə cəlb edib. Hökumət həmçinin bu məsələdə Avropa İttifaqından dəstək istəyib.

Məqalədə qeyd olunur ki, ölkədə tez-tez keçirilən seçkilər siyasi sistemə inamın zəiflədiyini göstərir. Qurovun fikrincə, əvvəlki koalisiyalar daha çox hakimiyyəti qorumağa çalışıb, lakin islahatlar həyata keçirilməyib.

Bununla belə, baş nazir vurğulayıb ki, Bolqarıstan NATO çərçivəsində etibarlı tərəfdaş olaraq qalır və Qara dəniz regionunda mühüm strateji rol oynayır.

O, həmçinin Ukrayna ilə 10 illik təhlükəsizlik sazişinin imzalanmasını müdafiə edərək bildirib ki, təhlükəsizlik məsələlərində “doğru anı gözləmək olmaz”.

Sonda Qurov qeyd edib ki, ölkə xarici siyasətdə fərdi siyasi maraqlardan deyil, milli maraqlardan çıxış etməlidir.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr