AZ

Roma papası Trampa cavab verdi

Papa Leo Əlcəzairə səfəri zamanı ABŞ Prezidenti Donald Trampın onu hədəf alan açıqlamalarına münasibət bildirib.

“Yeni Sabah”ın xəbərinə görə, dünya katoliqlərinin dini lideri “Reuters” agentliyinə açıqlamasında Birləşmiş Ştatalar lideri ilə polemikaya girmək istəmədiyini deyib.

Papa XIV Leo bildirib ki, o, Tramp administrasiyasından heç bir qorxu duymur və ABŞ Prezidentinin İranla bağlı müharibə barədə açıqlamalarını tənqid etməsindən sonra da fikirlərini ifadə etməyə davam edəcək:

“Debata girməyəcəyəm. Dediklərim heç kimə hücum məqsədi daşımır. Mən bütün insanları sülh və barışıq körpüləri qurmağın yollarını axtarmağa, mümkün olan hər vəziyyətdə müharibədən qaçmağa çağırıram”.

Roma papası vurğulayıb ki, bugünkü missiyasına inandığı şəkildə yoluna davam edəcək.

“Mən Tramp administrasiyasından və ya İncil mesajını açıq şəkildə deməkdən qorxmuram. Fikrimcə, mənim buradakı missiyam da, kilsənin missiyası da budur. Biz siyasətçi deyilik, xarici siyasəti onun baxdığı perspektivlə eyni şəkildə dəyərləndirmirik. Amma mən İncilin mesajına, sülh yaradan olmağa inanıram”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Roma Papası XIV Leonu tənqid edib. O, “Truth Social”-da katolik kilsəsinin rəhbərinin “cinayətkarlıqda zəif və xarici siyasətdə dəhşətli” olduğunu iddia edib və pontifikin İran və Venesuela ilə bağlı mövqeyi ilə razılaşmadığını bildirib. Prezidentin sözlərinə görə, o, “İranın nüvə silahına sahib olmasının məqbul olduğunu düşünən” və ABŞ-ın Venesuelaya qarşı addımlarını tənqid edən bir Papa istəmir. Tramp həmçinin ABŞ administrasiyasına qarşı tənqidləri qəbul etmədiyini vurğulayıb.

Trampın fikrincə, Ağ Evdə baş verən hadisələr olmasaydı, XIV Leo hazırkı mövqeyinə yüksəlməzdi. O, Papaya “solçu radikallara meyl etməyi dayandırmağı” və “kilsə rəhbəri kimi vəzifələrinə fokuslanmağı” tövsiyə edib.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr