Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Paytaxtda tarixi-memarlıq abidələri ilə bağlı məlumat lövhələrində ciddi uyğunsuzluqlar olduğu iddia edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə memar Elçin Əliyev məlumat yayıb.
Onun sözlərinə görə, 2023-cü ildə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ilk dəfə ixtisasca memarın rəhbər təyin olunması sahədə müsbət dəyişikliklərə ümid yaratmışdı. Xüsusilə nəzərə alınırdı ki, əvvəlki rəhbərlərin vəzifədən uzaqlaşdırılması və cinayət məsuliyyətinə cəlb olunması fonunda bu təyinat yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilirdi.
Memar bildirir ki, gözləntilərin əksinə olaraq, bir çox istiqamətlərdə vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşib. Onun fikrincə, bunun ən bariz nümunələrindən biri dövlət tərəfindən qorunan binaların üzərinə yerləşdirilən məlumat lövhələridir.
Elçin Əliyev qeyd edib ki, həmin lövhələrin böyük əksəriyyətində tikililərlə bağlı yanlış məlumatlar yer alır, tarixi faktlar təhrif olunur və abidələrin inşa tarixləri düzgün göstərilmir. Onun sözlərinə görə, bu cür səhvlər artıq mübahisəli məsələlər deyil, açıq və dəqiq faktlarla bağlıdır.
Memar konkret nümunə kimi paytaxtın Əliövsət Quliyev küçəsində yerləşən binanı göstərib. O bildirib ki, binanın fasadında daş üzərində həkk olunmuş yazıdan onun 1888-ci ildə tikildiyi aydın görünür. Lakin buna baxmayaraq, sonradan quraşdırılan məlumat lövhəsində tikilinin 1911-ci ilə aid olduğu qeyd edilib.
Eltac Zülfüqaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.