ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini - kənd təsərrüfatı naziri, Bakının Yasamal rayonunun sakini Məmməd Abbasov “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı məşhur “Məhsul” stationunun acınacaqlı vəziyyəti barədə növbəti dəfə paylaşım edib.
Xatırladaq ki, vaxtilə müxalifətinin mitinqlərinin keçirildiyi məkan olan “Məhsul” stadionu illərdir ki, təmir adı ilə qazılıb-tökülüb. Lakin ətrafdakı minlərlə sakinin yeganə istifadə məkanı olan station təmir olunmur. Hətta şübhələr var ki, bu stadionun ərazisində tikinti aparmaq planları var.
M.Abbasov isə əvvəllər də dəfələrlə bu barədə sosial şəbəkələrdə yazıb və kütləvi informasiya vasitələrində çıxış edib.

Sabiq nazir son paylaşımında yazır:
“6 ilə yaxın bir müddətdir ki, bu stadion sahibsiz qalıb. Mitinqlərin keçirilməsinin qarşısını almaq məqsədi ilə oranı yararsız vəziyyətə saldılar. Həqiqətən də bu stadionda mitinqlərin keçirilməsi ətraf binalarda yaşayan sakinlərin haqlı narazılığına səbəb olurdu. Ona görə də insanlar məmnun oldu ki, yəqin yenidənqurma işləri aparılacaq və stadion öz təyinatı üzrə istifadə olunacaq. İdman meydançası və ətraf ərazilər Respublika Həmkarlar İttifaqının balansında idi. Bir müddət sonra mətbuatdan məlum oldu ki, bu əraziləri satmağa cəhd etdiklərinə görə iki nəfər məsul işçiyə cinayət işi qaldırılıb. Lakin məsələnin nə yerdə qalması məlum olmadı…
Bu idman meydançasından minlərlə sakin, gənclər, məktəblilər, təqaüddə olan yaşlı nəslin nümayəndələri istifadə edir. Müşahidələr göstərir ki, səhərdən gecə saat 11-12-yədək hərə özünə münasib vaxtda oradan istifadə edir. Hətta royon Polis Şöbəsinin əməkdaşları da orada idman hazırlığı təlimləri keçirirlər. Lakin stadion baxımsızlıq üzündən çox pis vəziyyətə düşür. Bu haqda dəfələrlə sosial şəbəkələrdə məsələ qaldırılıb, çox təəssüflər olsun ki, nə rayon İcra Hakimiyyəti, nə də bələdiyə rəhbərlikləri məsələyə əhəmiyyət vermirlər. Respublika Həmkarlar Təşkilatı da özünü görməməzliyə vurub. AFFA, Gənclər və İdman Nazirliyi də vəziyyətə biganə qalırlar. Belə şayiələr gəzir ki, bu əraziləri satıblar. Düzdür, o tənqidi yazılardan sonra rayonun kommunal təsərrüfat idarəsinin işçiləri orada hərdən təmizlik işləri görürlər. Onlardan maraqlananda ki, buranın sahibi kimdir, deyirlər biz bilmirik, sadəcə göstəriş veriblər ki, gedin orada təmizlik işləri görün. Keçən ilə qədər Respublika Həmkalar Təşkilatının idarələrinin orada adlarını əks etdirən lövhələr var idi. Keçən il o lövhələri də oradan yığışdırdılar. Bildirmək istədilər ki, yəni bizə məxsus deyil.
Bəs bura kimindir, kimə satılıb?
Bilirsiniz, artıq bu ərizidə binaların arasında yeni bir çoxmərtəbəli bina ucaldıldı. Görünür, növbə idman meydançasına da çatacaq…
Bu yaxınlarda Nizami adına kinoteatrın binasının divarlarına eybecər rəsmlər çəkilmişdi. Çox haqlı tədbirlər görüldü. Divarlar təmir olundu, təqsirkarlar cinayət məhsuliyyətinə cəlb olundu və o hərəkət vandalizm adlandırıldı. “Məhsul” stadionu da 6 ildir vandalizmə uğrayıb, amma tədbir görülmür…
Bu yaxınlarda aramsız yağışlar çox bölgələrə ziyan vurdu. Amma o yağışların ən böyük faydası “Məhsul” stadionuna oldu. İllərlə suvarılmayan meydançanın yaşıl örtüyü cana gəldi, onu əhatə edən ağaclar canlandı. Stadionu təbiət və Tanrı qoruyur. Uşaqlar, gənclər hər gün orada artıq futbol oynayırlar, idmanla məşqul olurlar. O yaşıllıq yayda tamamən yox olacaq, quruyacaq. Yəqin ki, təbiət yenə də öz sözünü deyəcək, aidiyyatı dövlət orqanları deməsə də. Gözləyirlər ağaclar qurusun. Amma onların da Allahı var. Yəqin ki, imkan verməz qurusunlar…”
“AzPolitika”





Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.