Nəsimi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Ş.Fərzəliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttiham orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən, Ş.Fərzəliyeva öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etməkdə təqsirləndirilir.
İş materiallarından məlum olur ki, o, turizm fəaliyyəti ilə məşğul olan “Matrix Oasis" MMC travel şirkətinin tur operatoru vəzifəsində işləyərkən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif şəxslərə xarici ölkələrə istirahət turları, viza dəstəyi və aviabiletlərin təşkili ilə bağlı yalan vədlər verib.
Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) Misir Respublikasında yerləşən otellərdən birinə istirahət turu təşkil edəcəyinə inandıraraq müxtəlif tarixlərdə onun ailə üzvləri vasitəsilə ümumilikdə 1800 manat pul vəsaitini ələ keçirib. Lakin əldə olunan vəsait təyinatı üzrə istifadə edilməyərək şəxsi ehtiyaclara sərf olunub.
Bundan başqa, o, zərərçəkmiş D.D.-i (adı, soyadı şərtidir) Türkiyənin Bodrum bölgəsində yerləşən hotellərdən birinə ailəvi istirahət turu təşkil edəcəyinə inandıraraq 2024-cü ilin yanvar və aprel aylarında ümumilikdə 6600 manat pul alıb və həmin vəsaiti də mənimsəyib.
Eyni üsulla digər zərərçəkmiş şəxslər də aldadılıb. Belə ki, Ş.Fərzəliyeva zərərçəkmiş F.F.-i (adı, soyadı şərtidir) İsveçə viza dəstəyi və aviabilet alınması adı ilə müxtəlif tarixlərdə ümumilikdə 994 manat, zərərçəkmiş T.T.-dən (adı, soyadı şərtidir) Türkiyəyə tur təşkil edəcəyi adı ilə ümumilikdə 6154 manat, zərərçəkmiş A.A-dan (adı, soyadı şərtidir) isə Misir və Şri-Lankaya istirahət turu təşkil edəcəyi vədi ilə müxtəlif ödəniş terminalları vasitəsilə ümumilikdə 5933 manat pul vəsaitini ələ keçirib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs digər zərərçəkmiş şəxsləri də oxşar üsullarla aldadıb. Belə ki, o, zərərçəkmiş R.R.-dən (adı, soyadı şərtidir) Avstriya səfirliyindən şengen vizası alınması adı ilə 1500 manat, zərərçəkmiş Y.Y-dən (adı, soyadı şərtidir) Türkiyədə yerləşən otellərdən birinə tur təşkil edəcəyi adı ilə 3150 manat, zərərçəkmiş B.B.-dən (adı, soyadı şərtidir) Antalya şəhərində yerləşən hotelə istirahət turu adı ilə 5423 manat (3190 ABŞ dolları ekvivalentində), zərərçəkmiş K.K-dən (adı, soyadı şərtidir) Misirə tur adı ilə ümumilikdə 3590 manat, zərərçəkmiş İ.İ-dən (adı, soyadı şərtidir) isə Türkiyəyə istirahət turu adı ilə ümumilikdə 5145 manat pul vəsaitini alaraq mənimsəyib.
Toplanan sübutlara əsasən müəyyən olunub ki, Ş.Fərzəliyeva bu vəsaitlərin heç birini vəd etdiyi xidmətlərin göstərilməsinə yönəltməyib, əksinə onları şəxsi ehtiyaclarına sərf edib.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində bildirib ki, söügedən travel şirkətində əvvəlcə qeyri-rəsmi, daha sonra isə rəsmi qaydada çalışıb və əsas vəzifəsinin müştərilərə tur paketləri barədə məlumat vermək və ilkin təşkilati işləri həyata keçirmək olduğunu qeyd edib. Onun sözlərinə görə, ödənişlərin qəbul edilməsi və sifarişlərin tam icrası şirkət rəhbərliyinin səlahiyyətində olub.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, şirkətin sosial şəbəkə hesablarının idarə olunmasında iştirak edib və bəzi ödənişlər digər şəxslərin bank kartları vasitəsilə həyata keçirilib.
Kamal Məmmədov