AZ

Tramp: Hörmüz Boğazını blokadaya alacağıq

ABŞ Prezidenti Donald Tramp danışıqlarda nüvə məsələsi üzrə razılıq əldə olunmadığını bildirərək, ABŞ donanmasının Hörmüz Boğazında blokada prosesinə başlayacağını və İrana ödəniş edən gəmilərin saxlanılacağını açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada İranla aparılan danışıqların ümumilikdə müsbət keçdiyini, lakin nüvə məsələsində razılıq əldə olunmadığını bildirib. 

Marja xəbər verir ki, Tramp bu nəticədən sonra ABŞ-ın Hörmüz Boğazında hərbi addım atacağını elan edib.

Tramp bildirib ki, ABŞ donanması dərhal qüvvəyə minmək şərti ilə Hörmüz Boğazına daxil olan və çıxan gəmilərə qarşı blokada prosesinə başlayacaq. O qeyd edib ki, beynəlxalq sularda İrana keçid haqqı ödəyən gəmilər saxlanılaraq yoxlanılacaq. İranın boğaza mina yerləşdirdiyini iddia edən Tramp, bu minaların zərərsizləşdiriləcəyini də vurğulayıb.

ABŞ Prezidenti İranın Hörmüz Boğazındakı fəaliyyətlərini “qəsb” kimi qiymətləndirərək, bu vəziyyətə qarşı hərbi variantların hazır olduğunu bildirib. Tramp əlavə edib ki, ABŞ qüvvələrinə və ya mülki gəmilərə qarşı hər hansı hücum sərt cavabla qarşılanacaq.

Tramp həmçinin İranın hərbi imkanlarının böyük ölçüdə sıradan çıxarıldığını iddia edərək, Tehran rəhbərliyinin mövcud vəziyyətdən çıxış yolunu bildiyini qeyd edib. O bildirib ki, blokada prosesinə digər ölkələr də qoşula bilər və İranın Hörmüz vasitəsilə iqtisadi gəlir əldə etməsinə icazə verilməyəcək.

“NATO və Körfəz ölkələri dəstəkləyəcək”

Tramp sosial media paylaşımından əlavə, televiziya kanalına verdiyi müsahibədə də məsələni şərh edib. O bildirib ki, danışıqlar olduqca intensiv keçib və İran tərəfi masa arxasında “çox ağıllı” davranıb. Lakin Tehran rəhbərliyinin “nüvə məqsədlərindən imtina etmədiyi üçün” danışıqlar nəticəsiz qalıb.

Tramp deyib:

“Onların nüvə məqsədlərindən imtina etməməsi istisna olmaqla, istədiyimiz demək olar ki, hər şeyi əldə etdik. Amma bu məsələ mənim üçün açıq şəkildə ən vacib mövzudur.”

İranın yenidən danışıqlar masasına qayıdacağını düşündüyünü bildirən Tramo, bu halda ABŞ-ın bütün tələblərinin qəbul ediləcəyinə inandığını qeyd edib. Lakin bu prosesin vaxtı ilə bağlı konkret açıqlama verməyib.

ABŞ Prezidenti Körfəz ölkələrinin İrana qarşı ABŞ-a güclü dəstək verdiyini xatırladaraq, “Körfəzdəki müttəfiqləriniz bu blokadada sizə kömək edəcəkmi?” sualına belə cavab verib:

“Bəli, əlbəttə. Onlar da buna qoşulacaqlar.”

Tramp həmçinin NATO-nun indiyədək tutduğu mövqedən narazılığını ifadə edib. Bununla belə, bəzi NATO ölkələrinin Hörmüz Boğazının blokadaya alınması prosesində iştirak edəcəyini bildirib.

ABŞ Prezidenti deyib:

“NATO-dan çox məyus olduq. Daha əvvəl gəlmədiklərinə görə çox məyus olduq. İndi isə gəlmək və boğazın təmizlənməsi işində kömək etmək istəyirlər. Bu təmizləmə çox uzun çəkməyəcək. Anladığım qədərilə, Böyük Britaniya və bir neçə digər ölkə mina axtaran gəmilər göndərir.”

Seçilən
33
50
marja.az

10Mənbələr