"Şamaxı" Misli premyer-liqasının 27-ci turunda "Qarabağ"la heç-heçə etdi - 0:0.
"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Azarkeşlərə təşəkkür edirəm. Bilirdik ki, "Qarabağ" hər oyuna final kimi yanaşır. Çempionatın sonudu, hər matç gərgin keçir. Futbolçularıma təşəkkür edirəm. Sona qədər vuruşdular. Bilirdik ki, rəqib son dəqiqələrdə üstümüzə gəldi. Amma dözə bildik. Bizim üçün hər xal vacibdi. İstəyim odu ki, çempionatın sonuna qədər oyunlara yanaşmamız bu cür olsun. Növəbti turda səfərdə "Karvan-Yevlax"la çətin matçımız var. Həmin görüşə hazırlaşacağıq.
- Karim Rossi və Dioqo Balaunun yoxluğu oyununuza nə dərəcədə təsir etdi?
- Hər futbolçu bizim üçün önəmlidi. Onların yoxluğu böyük itkidi. Amma digər futbolçular üçün də özlərini göstərmək üçün şansdı.
- Komandanız ötən tur "Zirə"yə, bu gün isə "Qarabağ"a qarşı əzmkar oyun mümayiş etdirdi. Bu mübarizə əzmi rəqiblərin adlarına görədi?
- Xeyr. Əzmkarlığımız az olsa, bəlkə bu gün biz də başqa komandalar kimi premyer-liqada qalmaq uğrunda mübarizə aparardıq. Futbolçularımız bizə yaxın olan komandalarla oyunlarda da əzmkarlıq göstəriblər. Böyük hesabla məğlub olduğumuz oyunlar da oldu. Bu tempi saxlamaq asan deyil. Futbolçular ilk turdan bu günə kimi ən yaxşısını etməyə çalışırlar. Heyətimizdə gənclər var. Futbolçular çox "artırıblar". Onlara görə sevinirəm.
- Qazanılan nəticələrdə sizin taktiki biliyiniz əsas rol oynayır, yoxsa hansısa xüsusi sözləriniz var?
- Bu gün tam başqa taktika ilə oynadıq. Bunu "Qarabağ"a görə etdik, məcburuq. Sevindirici haldı ki, futbolçular dəyişikliklərə tez uyğunlaşır. Oyunçulara dəstək olmaq, onlara motivasiya vermək lazımdı. Təbii ki, komanda ruhu da çox vacibdi.
- Əsas qapıçınız cəza səbəbindən növbəti turda oynamayacaq. Bu sizi qayğılandırır?
- Bilirik ki, Rikardo bu gün ölkə çempionatında ən yaxşı qapıçılardandı. Bu, müzakirə olunmur. Amma bir tərəfdən də Abdullaha şans verə biləcəyimə görə sevinirəm. Onun üçün bir şans olacaq. Ümumən qarşıdakı turlarda hər kəsə şans verəcəm. Futbolçuları da fikirləşmək lazımdı. Əsas heyətdə debüt etməyi gözləyənlər var.
-Belə xəbərlər var ki, mövsümün sonunda "Şamaxı"dan ayrılacaqsız və sizin yerinizə Şərqi Avropadan yeni məşqçi gətiriləcək. Hətta deyilənə görə, danışıqlar gedir. Bununla bağlı nə deyə bilərsiz?
- Kiminlə danışdıqlarını deyə bilmərəm. Gerçək deyil. "Şamaxı" mənim üçün doğmadı. Burda işimi davam etdirmək istəyərdim. Maddi cəhətdən də komanda möhkəmlənməlidi. İki ildi çox çətinliklər olub. Amma heç bir çətinlikdən danışmamışıq. Çalışmışıq ki, bunun öhdəsindən gələk. Məncə, klub düz yoldadı. Bunu davam etdirmək lazımdı. Rəhbərliyə böyük iş düşür. Onların yanaşmalarını bilirəm. İnanıram ki, düzgün qərar verəcəklər. "Şamaxı" həmişə mənim üçün doğma olacaq. Bəlkə də ilk dəfədi çalışdığım klubdan rahat gedirəm.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta