AZ

İkinci Dünya müharibəsindəki ssenari təkrarlanır: ABŞ İran danışıqlarının gizlinləri Məmmədyarov detalları açdı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Globalinfo.az Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovla müsahibəni təqdim edir:

– Elmar müəllim, ABŞ və İran arasında əldə olunan atəşkəsin uzunmüddətli və dayanıqlı olacağı nə dərəcədə real görünür?

– Atəşkəsin uzunömürlü olacağına inanmıram. Gözləyək, görək, iki həftə ərzində nə baş verəcək. Çünki atəşkəs istər Amerika, istərsə də İranın məqsədinə uyğun görünmür.

– Mövcud vəziyyətdə müharibə riskinin tam aradan qalxdığını söyləmək mümkündür, yoxsa tərəflər sadəcə taktiki fasilə verərək növbəti hərbi mərhələyə hazırlaşırlar?

– Danışıqların gedişatından asılıdır. Çünki İranın 10 bənddən ibarət irəli sürdüyü təkliflərin əksəriyyətinin qəbul olunması çətin məsələdir. Amma dinamikanı izləmək lazımdır. Danışıqların başlamasını gözləyir hər kəs.

– Sizin qiymətləndirmənizə görə, bu münaqişənin mümkün qalibi və məğlubu kimlər ola bilər?

– Burada savaş aparan ölkələrin məqsədlərinə nəzər yetirmək lazımdır. Kim öz məqsədinə nail olacaqsa, o da qalibdir. Amma fikrimcə, hazırda heç kim məqsədinə çatmayıb. Bəli, İranda xeyli obyektlər atəşə tutuldu, öz ölkəsi də ziyan gördü. Lakin silahlar dağılmayıb. Eyni ilə də İran dağıdıcı zərbələr endirib qarşı tərəfə. Bu səbəbdən də hazırda kimin qalib gələcəyini demək çətindir. Hətta düşünürəm ki, bu savaşda qalib tərəf olmayacaq. Sadəcə, hər iki tərəf özünü qalib kimi təqdim edəcək.

– Bəzi nüfuzlu beynəlxalq nəşrlər atəşkəs təşəbbüsünün ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürüldüyünü qeyd edir. Hətta martın 21-dən etibarən onun İranı atəşkəsə razı salmaq üçün ciddi səylər göstərdiyi iddia olunur. Bu yanaşmanı necə dəyərləndirirsiniz?

– Bunu əminlikdə demək üçün danışıqların içində olmaq lazımdır. Amma belə bir məsələ də var ki, əgər İsrail ataşkəsə razılıq veribsə, deməli, Tramp doğrudan da belə bir xahiş edib. Çünki təklif İrandan gəlsəydi, İsrail atəşkəsə razı olmazdı. Burada hərbi məsələ də var. Müharibəni aparmaq üçün vaxt lazımdır. İkinci Dünya müharibəsində dincəlmək üçün 1- 2 həftə vaxt istəyiblər. Görünür, bənzər ssenaridir, rahat hazırlaşmaq istəyirlər.

– Bu münaqişənin qlobal geosiyasi düzənə mümkün təsirləri nələr ola bilər?

– Baxın, maraqlı məqam odur ki, BMT Təhlükəsizlik Şurası işləmir. Əslində, dünyada müharibə baş verən zaman Təhlükəsizlik Şurası iclas keçirir, qətnamə qəbul olunur və müharibənin dayandırılması üçün təzyiq göstərir. Amma biz hazırda BMT-nin işləyə bilmədiyinin şahidi oluruq.

– Yaranmış vəziyyət fonunda beynəlxalq münasibətlər sistemində, xüsusilə Yaxın Şərq regionunda hansı dəyişikliklər gözlənilir?

– İranda müharibədən əvvəl də yeni sistemin qurulması tələb olunurdu. Sistem necə işləyəcək, necə alınacaq, zaman göstərəcək. Bunlar danışıqların mövzusudur. Əminəm ki, bağlı qapılar arxasında müzakirələr gedir.

– Sizcə, İsrail tərəfindən mümkün təxribatlar hazırkı atəşkəs mühitinə necə təsir göstərə bilər?

– İsrailin addım atması da danışıqlardan asılıdır. Amma mən danışıqların böyük və uğurlu nəticə ilə bitəcəyini düşünmürəm.

– Mövcud atəşkəs rejimi İsrail üçün hansı strateji üstünlüklər və ya risklər yaradır?

– Hərbi baxımdan İsrail üçün çətindir. 5 həftə ərzində müharibəni tam şəkildə aparmaq elə də asan iş deyil. Yəni bu, kiməsə zarafat gəlməsin.

– Münaqişədən sonra Azərbaycan–İran münasibətlərinin inkişaf perspektivlərini necə görürsünüz?

– Məncə, İran tərəfi artıq başa düşdü ki, Azərbaycan həm regional, həm dünyəvi cəhətdən İran üçün önəmli ölkədir. Sərhədi bağlamaq İrana daha çox ziyandır. Ona görə də inanıram ki, İranla Azərbaycan arasında münasibətlər normal şəkildə davam edəcək.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
globalinfo.az

1Mənbələr