AZ

Ukrayna müharibəsi bitir? – Budanovun sensasion açıqlamalarına REAKSİYA

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov "Bloomberg" agentliyinə müsahibəsində deyib ki,Ukraynada müharibə tezliklə bitə bilər. Onun sözlərinə görə, ABŞ-nin da iştirak etdiyi üçtərəfli danışıqlarda tərəflər üçün qəbul edilə bilən “qırmızı xətlər” artıq daha aydın şəkildə müəyyənləşib və bu, danışıqlar prosesində böyük irəliləyiş kimi qiymətləndirilir.

Prezident Ofisinin rəhbəri qeyd edib ki, sonuncu raundu fevral ayında Cenevrədə keçirilən danışıqlar zamanı münaqişənin sülh yolu ilə həlli istiqamətində müəyyən addımlar atılıb. Budanovun fikrincə, artıq bütün tərəflər müharibənin davam etməsinin mənasız olduğunu anlayır: “Hamı başa düşür ki, müharibəni bitirmək lazımdır. Mən düşünmürəm ki, bu çox uzun çəkəcək”.

PictureMüharibənin “tezliklə bitməsi” ifadəsi nə qədər real və ölçülə biləndir?

Mövzu ilə bağlı siyasi şərhçi Heydər Oğuz Musavat.com-a bildirib ki, Budanovun bu cür düşünməsi irəli doğru atılmış addımdır. O deyib ki, Ukrayna-Rusiya savaşının iki tərəfindən birinin – Ukraynanın aparıcı siyasi xadimlərindən, qərarverici şəxslərindən biri Kirill Budanovdur: “Təbii ki, istənilən müharibənin bitməsində həlledici qərarları Budanov kimi şəxslər verir. Müsbət qərarların verilməsi üçün o cür şəxslərin sülhün vacibliyinə inamları mühüm rol oynanır. Bununla belə, müxtəlif media orqanlarında yer alan məlumatlar Ukrayna danışıqlarında vəziyyətin deyildiyi qədər ürəkaçan olmadığını göstərir. Bildirildiyinə görə, fevral ayında Cenevrədə aparılan danışıqlarda hər hansı razılaşma əldə olunmayıb. Rusiya yenə əvvəlki işğal etdiyi ərazilərin tanınmasını, Ukrayna isə 1991-ci il sərhədlərinə qayıtmağı tələb edib. Tərəflər arasında mübahisəyə səbəb olan digər anlaşmazlıq Ukraynanın təhlükəsizlik qarantiyası ilə bağlıdır. Rəsmi Kiyev danışıqlarda əldə olunacaq razılaşmalardan sonra mövcud təmas xəttinin qorunması və yeni hücumların baş verməməsi üçün NATO ölkələrinin zəmanətlərini istəyir. Rusiya isə bu tələblə də razılaşmır, Ukrayna torpaqlarının “neytrallığının” qorunmasını tələb edir. Bir-birindən əsaslı şəkildə fərqlənən, hətta daban-dabana zidd olan bu mövqelərdə ortaq məxrəcə gəlmək asan deyil”.

PictureHeydər Oğuzun fikrincə, danışıqların pozitiv nəticələrinə inam yaradan yeganə hadisə görüşlərin intensivliyidir: “Məlum olduğu kimi, müharibənin ilk aylarında əvvəl Belarusun paytaxtı Minskdə, daha sonra İstanbulda keçirilən danışıqlarda heç bir nəticə əldə olunmadı və tərəflər müharibəni davam etdirdilər. 2025-ci ildə yenidən Türkiyənin təşəbbüsü keçirilən növbəti danışıqlar da 3 turda keçirildi: 16 may, 2 iyun və 23 iyul tarixlərində. Dördüncü tur olmadı. Bu dəfəki danışıqlar isə daha intensiv təsir bağışlayır. Məlum olduğu kimi, bu il ilk danışıqlar raundu 23-24 yanvar, ikinci raund isə 4-5 fevral tarixlərində Abu-Dabidə keçirildi. Hər iki raundda həm Rusiyanı, həm də Ukraynanı hərbi və kəşfiyyat orqanlarının rəhbərləri təmsil edirdilər. Üçüncü danışıqlar raundu isə Cenevrədə baş tutdu. Sonuncuda Rusiyanı və Ukraynanı daha yüksək rütbəli siyasilə təmsil edirdilər. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Rüstəm Umerov rəhbərlik edirdi. Görünən budur ki, ilk raundda tərəflər müharibənin hərbi nəticələrini müzakirə etmiş, ardınca son qərarı verməyi siyasilərin mülahizəsinə buraxmışdılar”.

Siyasi şərhçi onu da xatırladıb ki, tərəflərin bu ay da görüşü planlaşdırılırdı. İranla müharibənin Ukrayna danışıqlarına da təsir edəcəyini düşünən Heydər Oğuz məhz bu səbəbdən də Budanovun nikbinliyi bölüşmür:
“Açıq şəkildə hiss olunur ki, ABŞ Rusiyanı İran məsələsində neytrallaşdırmaq üçün Ukrayna cəbhəsində bəzi güzəştlərə getməyə hazırlaşır. Fikrimcə, Ukrayna da bunun fərqindədir və Avropanın rus enerji məhsullarından asılılığının artdığı indiki mərhələdə ehtiyatlı davranmağa çalışır. Bundanovun haqqında bəhs etdiyiniz məlum açıqlamasında dilə gətirdiyi bəzi fikirlər də bundan xəbər verir. O, “Bloomberg”ə açıqlamasında Rusiya ilə Ukrayna hərbi qüvvələrini müqayisə edərək deyib: “Rusiya istəsə, 23.5 milyon əsgər səfərbər edər. Onun öz itkilərini kompensasiya etməkdə heç bir problemi yoxdur. Bu isə əsgər çatışmazlığı ilə mübarizə aparan Ukraynanın səfərbər etmək potensialından daha çoxdur".

Xalidə Gəray
Musavat.com

Seçilən
40
1
musavat.com

2Mənbələr