AZ

Ərinin təkidi ilə başqasının üzünə “kislota” atıb Azərbaycana qaçan qadının aqibəti: tanınmaz vəziyyətə düşən üz, ödənilməli 30 min təzminat...

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

10 il əvvəl Rusiyada rəfiqəsinin üzünə “kükürd turşusu” atandan sonra Azərbaycana qaçıb, burada həbs edilərək cəzalandırılan qadınla keçmiş rəfiqəsi arasında qalmaqal indiyə qədər davam edir. Hadisə 2016-cı ilin iyulunda Başqırdıstanın paytaxtı Ufa şəhərində baş vermişdi. Laura aralarındakı mübahisə zəminində 1989-cu il təvəllüdlü Zinaida İsgəndərovanın üstünə “kislota” atmış, nəticədə onun üzü, boyun, başın, bədən, qasıq nahiyəsi, yuxarı və aşağı əşrafları yanıb, görmə qabiliyyətini itirib.

Bizimyol.info xəbər verir ki, Laura Azərbaycana gəlsə də, burada onun hərəkəti qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilib. O, bir neçə il sonra həbs olunub və Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il azadlıqdan məhrum edilib.

Hökmdən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi hərəkətin adam öldürməyə cəhd olmadığını hesab edib və əməli Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə törədildikdə) maddəsinə tövsif edib. Cəzası da 6 il 6 aya endirilib.

Zinaida İsgəndərova ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə ayrıca iddia ilə məhkəməyə müraciət edib. O, sağlamlığının pozulması nəticəsində dəymiş maddi zərərin əvəzi kimi, 165 min, mənəvi zərərin əvəzi kimi isə 74 min manat pulun Lauradan tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini istəyib. Onun sözlərinə görə, sağlamlığını itirərək I qrup əlil olub. Faktiki çarəsiz vəziyyətə düşüb, işləyə və özünü təmin edə, maaş ala bilmir. Çünki I qrup əlildir, görmə qabiliyyətini itirib, daim kənar qayğıya ehtiyacı var, çoxsaylı mənəvi iztirablar yaşayır. Uzun illər çarəsiz vəziyyətdə qalıb, daim fiziki ağrı və stress yaşayıb, müalicəsi bu günə qədər dayanmayıb: “Bir sıra ağrılı və bahalı cərrahiyyə əməliyyatları keçirməli oldum. Mənim yaşamağım üçün güclü təsir göstərən dərmanları qəbul etməyim vacibdir. Bu da sağlamlığıma mənfi təsir göstərir. Çox əziyyət çəkirəm. Bütün xərcləri özüm çəkirəm. Hərəkətlə bağlı risklər həmişə var. Daimi və ağrılı göz və plastik əməliyyatlarına ehtiyacım var. Bir neçə saat yolda vaxt keçirə-keçirə daim müalicə üçün Moskvaya gedib-gəlməli oluram. Bir sıra hallarda da Moskvada donorlardan rədd cavabı alanda məyus oluram”.

Zinaida İsgəndərova təqsirləndirilən şəxsin ona qarşı laqeyd davranışı, hərəkətinə görə üzrxahlıq etməməsini də ona məyus edən hal kimi xüsusi qeyd edib.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Zinaida İsgəndərovanın pul tələbi ilə qaldırdığı iddia qismən təmin edilib. Lauranın ona vurduğu maddi və mənəvi ziyana görə 30 min manat ödəməsi barədə qərar çıxarılıb.

Bu qərardan Lauranın vəkili yuxarı instansiya məhkəməsinə şikayət edərək göstərib ki, müvəkkili həbsdədir, onun bu pulu da ödəmək imkanı yoxdur: “Laura əri Fazilin təkidi nəticəsində hansı kislota növündə olduğunu bilmədən gedib onu qarşı tərəfin üzünə atıb və qaçıb. Zərərçəkmiş özü üzünü yuyub, qonşular gəlib onu sodalı su ilə yuyub. Kükürd turşusunun tərkibi su ilə o alovlanır, yanıqlar artır. Yəni Lauranın birbaşa qəsdi olmayıb ki, bu əməl xüsusi amansızlıqla törədilmiş olsun. Cavabdeh hazırda həbsdədir, hər hansı məbləği ödəmək imkanı belə yoxdur, bir azyaşlı uşağı da var”.

Buna baxmayaraq, vurulan ziyana görə qarşı tərəfə 30 min manat ödənilməsi barədə məhkəmə qərarını yuxarı instansiya da dəyişməyib.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
bizimyol.info

1Mənbələr