AZ

May ayından bahalaşma başlayacaq

Hörmüz boğazında yaranmış gərginlik qlobal gübrə tədarük zəncirinə ciddi təsir göstərir. 

Beynəlxalq analitiklərin məlumatına görə, bu strateji su yolu vasitəsilə normal şəraitdə dünya üzrə dəniz yolu ilə daşınan gübrələrin təxminən üçdə biri həyata keçirilir. 

Eyni zamanda, qlobal karbamid (sidik cövhəri) ixracının yarısı məhz bu marşrutdan keçir. Məlumata əsasən, boğaz həm də gübrə istehsalı üçün vacib xammalın daşınmasında mühüm rol oynayır. Belə ki, dünya üzrə ammonyak tədarükünün təxminən 30%-i, kükürd ticarətinin isə demək olar ki, 50%-i bu marşrutun payına düşür. 

Bundan əlavə, mayeləşdirilmiş təbii qazın (LNG) 20%-i də buradan nəql olunur ki, bu da azot gübrələrinin istehsalında əsas xammal hesab edilir. Bildirilir ki, bölgədə baş verən böhran və mümkün blokada artıq bazarda qiymət artımına səbəb olub. 

2026-cı ilin mart ayının ilk həftəsində karbamidin qiyməti regionda 19% yüksəlib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozlarına görə, vəziyyət davam edərsə, 2026-cı ilin ilk yarısında gübrə qiymətləri orta hesabla 15–20% arta bilər. 

Bu vəziyyət xüsusilə yaz əkin mövsümündə daha ciddi risklər yaradır. Ən çox zərər görəcək ölkələr isə Cənub-Şərqi Asiya və Afrika regionunda yerləşən, idxaldan asılı olan dövlətlər hesab olunur. 

Bu vəziyyət kənd təsərrüfatı məhsullarının qiymətlərinə nə vaxtdan təsir etməyə başlayacaq?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Hörmüz boğazı ətrafında yaranan gərginlik artıq gübrə bazarında hiss olunmağa başlayıb. 

O qeyd edib ki, bu təsirin kənd təsərrüfatı məhsullarına keçməsi adətən bir qədər gec baş verir: 

"Hazırkı məlumatlara əsasən, gübrə qiymətlərində artım 2026-cı ilin mart ayından başlayıb. Bu isə o deməkdir ki, fermerlər yaz əkin mövsümündə daha bahalı gübrə almağa məcbur qalırlar. Nəticədə kənd təsərrüfatı məhsullarının maya dəyəri artır. 

Adətən bu cür xərclərin bazara tam ötürülməsi 2-4 ay çəkir. Yəni kənd təsərrüfatı mallarında bahalaşma əsasən 2026-cı ilin may-iyul aylarından etibarən daha aydın hiss olunacaq". 

İqtisadçı vurğulayıb ki, əgər vəziyyət belə davam edərsə, ilin ikinci yarısında qiymət artımı daha da arta bilər: 

"Xüsusilə idxaldan asılı ölkələrdə və taxıl, tərəvəz kimi gübrəyə daha çox bağlı məhsullarda bahalaşma daha tez və daha yüksək olacaq". 

Seçilən
46
cebheinfo.az

1Mənbələr