AZ

Rəqəmsal inqilab başlayır: 5G Azərbaycana nə qazandıracaq?



Azərbaycanda 5G texnologiyasının tətbiqi ilə bağlı Lisenziya Müqaviləsinə müvafiq əlavələr hazırlanacaq.

Məlumata görə, ölkədə 5G texnologiyası üçün tezlik zolaqları müəyyənləşdiriləcək. Eyni zamanda bu zolaqların digər xidmətlərdən boşaldılması və operatorlara ayrılması, 5G tezlik zolaqlarının qonşu ölkələrlə koordinasiya edilməsi təmin olunacaq.
Sözügedən işlərin cari il ərzində yerinə yetirməsi nəzərdə tutulub. (“APA-Economics”)

İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə Musavat.com-a açıqlamasında prosesə aydınlıq gətirib. O bildirib ki, Azərbaycanda 5G texnologiyasının tətbiqi ölkənin rəqəmsal infrastrukturunun tamamilə yeni mərhələyə keçməsi deməkdir:

“5G üçün tezlik zolaqlarının operatorlara ayrılması bir neçə mərhələdə həyata keçirilir. Öncə tənzimləyici dövlət qurumları beynəlxalq standartlara uyğun olaraq, hansı diapazonların 5G üçün istifadə olunacağını müəyyən edir. Daha sonra həmin tezlikdə fəaliyyət göstərən köhnə xidmətlər mərhələli şəkildə alternativ zolaqlara ötürülür. Bu prosesdən sonra tezliklər texniki auditdən keçirilir, lisenziya mexanizmi ilə mobil operatorlara müsabiqə və birbaşa icazə əsasında ayrılır. Azərbaycanda 5G şəbəkəsinin istifadəyə verilməsi ilə bağlı “Yol Xəritəsi” hazırlanır. Operatorların icazə aldıqdan sonra şəbəkəni dərhal qurmağa hazır olduğu bildirilib. Digər xidmətlərdən boşaldılma texniki baxımdan həssas mərhələdir çünki bir tezlik diapazonunda eyni anda bir neçə fərqli sistem işləyə bilməz. Əgər köhnə istifadəçilər vaxtında köçürülməsə, siqnal toqquşması yaranar və bu, həm mobil rabitəyə, həm də digər kommunikasiya sistemlərinə maneə yarada bilər. Avadanlıqlar yeniləndikdən sonra baza stansiyalarına zolaqlar açılır”.

5G tezlik zolaqlarının qonşu ölkələrlə koordinasiya edilməsi barədə də danışan ekspert qeyd edib ki, bu, xüsusilə sərhəd bölgələrində kritik əhəmiyyət daşıyır:

“Radiodalğalar fiziki sərhəd tanımır. Azərbaycan sərhədinə yaxın ərazilərdə istifadə edilən siqnal Gürcüstan, Türkiyə, Rusiya, İran və Ermənistandakı şəbəkələrlə üst-üstə düşə bilər. Koordinasiya olmasa, sərhəd zonalarında siqnal qarışıqlığı, rabitə keyfiyyətinin düşməsi, hətta təhlükəsizlik rabitələrinin pozulması riskləri ortaya çıxar. Bu koordinasiya adətən Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ikitərəfli və çoxtərəfli razılaşmalar çərçivəsində həyata keçirilir. Ölkələr tezlik planlarını qarşılıqlı paylaşır, sərhəd ərazilərində güc limitlərini razılaşdırır, antena istiqamətlərini optimallaşdırır, interferensiya testlərini keçirirlər. Azərbaycan da bu prosesi müntəzəm aparır. Kibertəhlükəsizlik aspektindən baxanda düzgün koordinasiya olunmamış 5G spektri yalnız rabitə problemi yaratmır. Bu, şəbəkə boşluqları və siqnal saxtalaşdırılması üçün də zəminlər də yarada bilir çünki 5G infrastrukturunda kritik sektorlar bankçılıq, sənaye avtomatlaşdırılması, “ağıllı şəhər” sistemləri bu şəbəkəyə bağlanır. Odur ki, tezliklərin ayrılması yalnız texniki deyil, həm də milli təhlükəsizlik məsələsidir”.



Seçilən
9
1
aia.az

2Mənbələr