AZ

İsrail və ABŞ nin İran planı niyə baş tutmadı? AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"38 gün davam edən şiddətli hərbi əməliyyatlardan sonra ABŞ/İsrail-İran arasında iki həftəlik müvəqqəti atəşkəs elan olunub. Bu razılaşmanın davamı olaraq, aprelin 11-də Pakistanın paytaxtı İslamabadda ABŞ və İran rəsmiləri arasında birbaşa danışıqların keçirilməsi planlaşdırılır".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov ABŞ/İsrail- İran arasında atəşkəs elan olunmasından danışarkən bildirdi.

"İran Prezidenti Məsud Pezeşkian atəşkəsin məhz Tehranın irəli sürdüyü şərtlər daxilində baş tutduğunu bildirsə də, diplomatik pərdəarxası məqamlar fərqli mənzərəni ortaya qoyur. Məlum olur ki, ABŞ Prezidenti Donald Tramp hələ martın 21-dən etibarən müharibənin dayandırılması üçün müxtəlif ölkələrin liderləri, o cümlədən Pakistan rəhbərliyi ilə intensiv əlaqələr quraraq diplomatik kanalları işə salıb", - deyə o qeyd etdi.

Müsahibimizin sözlərinə görə, müharibənin dayandırılmasında ABŞ-nin təşəbbüskar rol oynamasının arxasında həm daxili, həm də xarici siyasi təzyiqlər dayanır:

"Amerika ictimaiyyəti və Konqres üzvləri bu münaqişəni "özgə müharibəsi" adlandıraraq Vaşinqtonun İsrail tərəfindən bu prosesə sürüklənməsini kəskin qınayırlar. 38 günlük döyüşlər ABŞ-yə həm maliyyə, həm də canlı qüvvə baxımından baha başa gəlib: 30 milyard dollardan çox vəsait xərclənib, 13 əsgər həlak olub, 300-dən çoxu isə yaralanıb. Bundan əlavə, Trampın müharibə dövründə işlətdiyi sərt və qeyri-etik ritorika həm ölkə daxilində, həm də dünya liderləri tərəfindən prezident statusuna yaraşmayan davranış kimi tənqid atəşinə tutulub. Hərbi müstəvidə isə ABŞ və İsrailin 13 mindən çox hədəfə raket zərbələri endirməsinə baxmayaraq, İranın müqavimətini qırmaq mümkün olmayıb. Əksinə, Tehran Körfəz ölkələrindəki ABŞ bazalarına, İsrailin enerji infrastrukturuna və yanacaq anbarlarına ciddi zərbələr endirməklə cavab verib. Hətta İsrailin nüvə obyektlərinin yaxınlığına düşən raketlər və Tehranın "enerji infrastrukturumuz vurulsa, nüvə mərkəzlərini hədəf alacağıq" təhdidi Vaşinqtonu geri addımatmağa məcbur edən əsas amillərdən biri olub".

Politoloqun fikrincə, hazırda elan olunan atəşkəs kövrək xarakter daşıyır.

"ABŞ Prezidenti və müdafiə naziri Pit Heqset bəyan ediblər ki, İran öhdəliklərini pozarsa, Körfəzdəki hərbi qüvvələr tərəfindən daha sarsıdıcı zərbələr endiriləcək. Bununla belə, hər iki tərəfin hərbi əməliyyatların gətirdiyi itkiləri və riskləri nəzərə alaraq, İslamabad danışıqlarında kompromis variantlara üstünlük verəcəyi və müharibənin tam dayandırılması üçün diplomatik həll yollarının tapılacağı gözlənilir", - deyə E.Həsənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
50
redaktor.az

10Mənbələr