AZ

Bir qığılcım yeni böyük müharibəni alovlandıra bilər-ABŞ-İran atəşkəsi təhlükədə  

“Yaxın Şərqdə bir-birini əvəz edən müharibələr bölgəni iqtisadi baxımdan tükəndirir, dövlət institutlarını zəiflədir, cəmiyyətləri parçalayır və radikal qrupların meydana çıxması üçün əlverişli şərait yaradır, həm də böyük güclər arasında yenidən birbaşa qarşıdurma ehtimalını artırır. Suriya, İraq, Yəmən və Fələstin–İsrail istiqamətində uzun illərdir davam edən münaqişələr həm böyük humanitar faciələr doğurur, həm də enerji marşrutlarını, dünya bazarlarını və ümumi təhlükəsizlik sistemini risk altına salır”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov səsləndirib.
O, qeyd edib ki, bu kontekstdə İran və ABŞ arasında əldə olunan istənilən atəşkəs və ya dialoq təşəbbüsü yalnız iki paytaxt üçün yox, bütövlükdə Yaxın Şərq üçün həyati siyasi şans kimi dəyərləndirilir: “Tehranla Vaşinqton arasında gərginliyin azalması regionda daha dayanıqlı və proqnozlaşdırıla bilən təhlükəsizlik mühitinin formalaşması üçün nadir imkan yarada bilər. Ancaq bu indiki halda, təbii ki, xarici mətbuata istinad etsək, deyə bilərik ki, kövrək tarazlığı sarsıda biləcək əsas aktorlardan biri İsraildir. Rəsmi Tel-Əviv İrana qarşı sərt mövqeyi öz milli təhlükəsizlik konsepsiyasının nüvəsinə çevirib və Livan, Suriya, Qəzza kimi istiqamətlərdə müntəzəm hərbi əməliyyatlarla bu siyasəti praktik olaraq həyata keçirir. Əgər İsrail Livanda “Hizbullah”a və ya Tehranın dəstəklədiyi digər silahlı qruplara zərbələri genişləndirsə, bu, İran–ABŞ xəttində yeni formalaşan etimadı zədələyərək, mümkün sülh mexanizmlərini yenidən müharibə ritorikasının kölgəsində qoya bilər”.
Vüqar

Parlamentari onu da diqqətlərə çatdırıb ki, İsrailin Baş naziri Benyamin Netanyahunun danışıqları pozmaq potensialı kifayət qədər böyükdür: “Çünki Livanda “Hizbullah” hədəflərinə zərbələri davam etdirdikcə, İranla əldə olunmuş atəşkəs kağız üzərində qalsa belə, real məzmununu itirir. O, ölkə daxilində ciddi siyasi təzyiq altındadır və təhlükəsizlik gündəmini daim ön plana çəkərək həm öz hakimiyyətini möhkəmləndirməyə, həm də beynəlxalq arenada barışmaz lider imicini qorumağa çalışır. ABŞ Prezidenti Donald Trampın “İsrailin Livana hücumlarını dayandırmaq atəşkəs sazişinin şərtlərinə daxil deyil” açıqlaması isə Netanyahunun manevr imkanlarını daha da genişləndirir və ona Livan cəbhəsində gərginliyi artırmaq üçün əlavə siyasi legitimlik verir”.

Milli Məclis təmsilçisinin sözlərinə görə, Trampın Netanyahunun kursuna təsir mexanizmləri mövcuddur, lakin bu təsir əsasən onun şəxsi və daxili siyasi maraqları ilə məhdudlaşır: “Əgər Livan istiqamətindəki eskalasiya ABŞ–İran atəşkəsini faktiki olaraq iflasa uğradarsa və Trampın özünü “sülh təşəbbüslərinin müəllifi” kimi təqdim etməsinə xələl gətirərsə, o zaman Vaşinqtondan İsrailə daha sərt siqnallar gələ bilər və hücumların miqyası məhdudlaşdırıla bilər. Əks halda, ABŞ administrasiyası böyük ehtimalla Netanyahunun Livana yönəlik sərt kursunu açıq şəkildə bloklamadan, vəziyyəti “idarə olunan gərginlik” çərçivəsində saxlamağa üstünlük verəcək”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
24
50
musavat.com

10Mənbələr