


Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, C.Mirzəyevin Fond tərəfindən dəfələrlə keçirilmiş yubiley tədbirlərini yada saldı.

Sonra çıxış edən Xalq artistləri Vaqif Mustafayev, Hacı İsmayılov, Xalidə Quliyeva, Şamil Süleymanlı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, Əməkdar artist Suğra Bağırzadə, uşaq yaşlarında “Ögey ana” filmində aktyorun tərəf-müqabili olmuş Sevinc Axundova sənətkar haqqında xatirələrini bölüşdülər. Əməkdar incəsənət xadimi Kənan Məmmədovun xatirələri videoçıxış vasitəsilə tamaşaçılara çatdırıldı.




ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev “Matteo Falkone” filminin bərpası və Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən “VMF NF” şirkəti tərəfindən Ceyhun Mirzəyevin xatirəsinə məxsusi buraxılmış saatlar haqqında məlumat verdi.

Hədiyyələr tanınmış sənətkarla çalışmış kino xadimlərinə təqdim edildi.







Tədbirdə Ceyhun Mirzəyevin yaradıcılığını özündə əks etdirən videoçarx və kinorejissor Tofiq Tağızadənin “Matteo Falkone” bədii filmi nümayiş etdirildi. Film 2019-cu ildə “BALANS” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmişdir.