AZ

Beynəlxalq güc zəhərlənməsi və Azərbaycanın mövqeyi

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cozef Nay "yumşaq güc" ("soft power") anlayışını ötən əsrin sonlarında dövriyyəyə buraxdı. 2000-ci illərdə -yeni minilliyin başlanğıcında bu, bir nəzəriyyəyə çevrildi və "Soyuq müharibə"dən sonrakı mərhələnin əsas təsir alətinə çevrildi.

İndiki mərhələdə isə "yumşaq güc" öz yerini artıq "sərt güc" (hard piwer) dediyimiz təsir rıçaqlarına - hərbi gücə, sanksiyalara, hibrid əməliyyatlara verib.

Bir çox hallarda buna səbəb bəzi siyasətçilərin, liderlərin, hətta bütöv hökumətlərin "güc zəhərlənməsi" kimi çox ağır xəstəliyə düçar olmasıdır.

XIX əsr Britaniya tarixçisi və siyasətçisi Lord Akton (Con Emerik Eduard Dalberq-Akton) təsadüfən demirdi: "Hakimiyyət pozur, mütləq hakimiyyət mütləq pozur". Yəni elə insanlar var, o qədər çox böyük gücü təmsil edir, o qədər çox səlahiyyətə sahib olur, bir müddətdən sonra belə adamda "güc zəhərlənməsi" baş verir. İnsanın özünə inamı yaxşıdır, amma bu inam ifrata varanda, iradəcə zəif siyasətçi, rəhbər, ümumiyyətlə, belə şəxs hər şeyin ən doğrusunu bildiyini düşünür, tənqidi qəbul etmir, təkbaşına qərarlar verir. Empatiya hissindən məhrum olur. Bu cür "güc zəhərlənməsi" qanlı, dağıdıcı toqquşmalara, uzunmüddətli münaqişələrə səbəb olur.

Bunu biz hazırda dünyada gedən dağıdıcı proseslərin nümunələrində aydın görürük: "yumşaq güc" çılpaq gücə uduzdurulur.

Təsəvvür edin, beynəlxalq hüquq həmişə gücün, yəni güclünün hüququ olub. Ancaq indi dünya elə yerə gəlib çıxıb, artıq böyük güclər -böyük gücləri təmsil etmək səlahiyyətinə sahib olan bir sıra siyasətçilər artıq beynılxalq hüququ, ümumiyyətlə, hər hansı hüququ da tanımır. Siyasət - maraqlar üzərindən hərəkətlə gerçəkləşir. Hüquq isə normalar sistemidir. Siyasət gücün maraqlarını daha çox öndə tutur. Hüquq isə hər kəsi eyni dərəcədə qorumaqla mükəlləfdir; normalda güclünü zəifdən seçməz. Ancaq öz monopol gücünün miqyasından və təsir imkanlarından "zəhərlənmiş" siyasətçilər artıq hüququn özünü də "taxtdan salıb". Onlara elə gəlir, harda nə istəsələr, necə istəsələr edə bilərlər, ancaq bunun məsuliyyətini daşımalı deyillər. İstər Yaxın Şərqdəki indiki müharibə, istərsə də, Ukraynadakı müharibə, başqa açıq və latent, qaynar və "donuq" münaqişələr bax, bu cür məsuliyyətsiz hakimiyyət zehniyyətindən doğur. Məhz bu səbəblərdən fransız hüquqçusu, siyasi nəzəriyyəçisi Şarl Montüskye hələ XVIII əsrdə - Lord Aktonun da dolayısı ilə ilk dəfə ortaya qoyduğu "güc zəhərlənməsi" anlayışından daha əvvəl "hakimiyyət bölgüsü" ideyasını irəli sürmüşdü. Bu, ayrı-ayrı ölkələrin daxili siyasi quruluşunda (real və ya formal) tətbiq olunur. Ancaq beynəlxalq ölçüdə hakimiyyətin belə bir bölgüsü də mümkün deyil. Burada daha çox çəkindirici, yaxud balanslaşdırıcı faktorlar rol oynayır. Amma elə situasiyalar var, elə güclər var, heç bir çəkindirici mexanizmə məhəl qoymur, heç bir balans tanımır. O zaman dünyanın düzəni pozulur.

Azərbaycanın da öz bölgəsində lider statusu, dünya siyasətində öz yeri və özünə görə çəkisi var. Azərbaycan ordusu da orta güc kateqoriyasında özünü təsdiq edib. Azərbaycan da 2020-ci ildə müharibə aparıb (daha doğrusu, müharibə aparmağa məcbur olmuşdu). Bu, Azərbaycan tərəfdən öz ərazisini işğaldan azad etmək üçün aparılan legitim hərbi əməliyyatlar idi (hər ölkəsinin öz ərazisini işğaldan azad etmək üçün belə bir hüququ var), həm də Azərbaycan həm siyasi, həm iqtisadi, həm hərbi, həm demoqrafik baxımdan rəqibindən - Ermənistandan daha üstün idi. Buna baxmayaraq, Azərbaycan hərbi əməliyyatları rəqib ölkənin ərazisinə keçirmədi. Öz ərazisində belə mülki hədəflərə hücum etmədi. Hətta özü belə hücumlara məruz qalsa da, rəqibin yerləşdiyi coğrafiyadakı mülki əhaliyə, mülki infrastruktura zərbələr endirmədi. Bu gün də ölkə prezidenti İlham Əliyev dünyanın müxtəlif bölgələrində gedən müharibələri, münaqişələri dəstəkləmir, əksinə başqa aktorları (o cümlədən, Rusiya-Ukrayna, Yaxın Şərq müharibələrindəki tərəfləri) bir araya gətirmək, problemlərin danışıqlar yolu ilə həllinə nail olmaq üçün öz təşəbbüslərini irəli sürür, danışıqlara tərəfsizliyi şübhə doğurmaya rahat platforma təklif edir. Münasibətlərin hərbi və sair güc yolu ilə "aydınlaşdırılması" əleyhinə mühüm işlər görür: sivilizasiyalararası dialoqu stimullaşdırır, humanitar forumlar keçirir və sair.

Azərbaycan dövlətinin başçısı dəfələrlə dərin təəssüflə bildirir ki, dünyada ikili standartlar tətbiq olunur, humanitar hüquq işləmir. Beynəlxalq birgəyaşayış qaydaları artıq qüvvəsini itirmkdədir. İfrat və yersiz güc tətbiqini isə, ümumiyyətlə, qəbul etmir.

Bu, ədalətli bir mövqedir; bəlli bir gücə sahib olmaq, onu mütləq harda gəldi, necə gəldi, tətbiq etmək demək deyil. Şərq əlbəyaxa döyüş növlərinin də fəlsəfəsi bunu öyrədir: nə qədər çox gücə sahibsənsə, bir o qədər ədalətli olacaqsan. Azərbaycan məhz bu prinsiplə hərəkət edir. Buna görə müharibələrin əhatəsində sabitlik və təhlükəsizlik adası kimi öz duruşunu qoruyub saxlayır. Bununla dünyanın gücdən "zəhərlənmiş" və "güc zəhərlənməsi" mərəzinə yoluxa biləcək ölkələr, liderlər üçün ən doğru və mükəmməl modeldir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
bizimyol.info

1Mənbələr