AZ

Bu qida depressiya hissiniAZALDIR

Bitki mənşəli zülalın qəbulu depressiya riskini azalda bilər.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Nutrition Reviews” (NutriRev) jurnalında dərc olunan araşdırmada qeyd olunub. Tədqiqat nəticələrinə görə, paxlalılar, dənli bitkilər və qoz-fındıq kimi məhsullardan əldə olunan bitki zülalının qida rasionunda artırılması böyüklərdə depressiya riskinin azalması ilə əlaqələndirilir.

Mütəxəssislər bildirir ki, qidalanma psixi sağlamlıqda mühüm rol oynayır. Daha əvvəl aparılan araşdırmalarda da tez-tez ultraemal olunmuş qidaların qəbulu ilə depressiya arasında əlaqə olduğu, əksinə, meyvə və tərəvəzlə zəngin qidalanmanın bu vəziyyətin simptomlarını yüngülləşdirə biləcəyi göstərilib.

Yeni araşdırmada alimlər zülalın rasiondakı roluna diqqət yetiriblər. Onlar ümumilikdə 13 tədqiqatın nəticələrini təhlil edərək ümumi zülal qəbulu, eləcə də heyvani və bitki mənşəli zülalların depressiya riski ilə əlaqəsini araşdırıblar.

Nəticələr göstərib ki, daha çox zülal qəbul edən şəxslər depressiya ilə daha az qarşılaşır. Xüsusilə rasionda zülalın payının 10% artırılması depressiya riskinin təxminən 21% azalması ilə əlaqələndirilir.

Ən güclü əlaqə isə bitki mənşəli zülalda müşahidə olunub. Belə ki, bu tip zülalın qəbulunun 10% artırılması depressiya riskinin təxminən 25% azalması ilə bağlıdır. Heyvani zülalların isə bu baxımdan əhəmiyyətli təsiri qeydə alınmayıb.

Bitki zülalı baxımından ən zəngin qidalar arasında mərcimək, soya, noxud və lobya göstərilir. Dənli bitkilər zülal baxımından bir qədər zəif olsa da, əlavə mənbə kimi faydalıdır. Müxtəlif taxıl növlərində 100 qram məhsulda təxminən 10–14 qram zülal olur.

Mütəxəssislər qeyd edir ki, bitki mənşəli qidaların faydası yalnız zülalla məhdudlaşmır. Bu məhsullar həmçinin lif, vitaminlər, minerallar və fitonutrientlərlə zəngindir ki, bu da ümumi sağlamlığa müsbət təsir göstərir.

NURİYYƏ

Seçilən
32
1
redaktor.az

2Mənbələr