AZ

Nikol Paşinyan: Samvel Karapetyan baş nazirliyə namizəd ola bilməz

BAKI, 9 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın sahibi olduğu əmlakının əlindən alınacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə danışıb.

Paşinyan dünən verdiyi “Samvel ilin sonuna qədər milyarderdən “bomj”a çevriləcək” açıqlamasını jurnalistlərə belə izah edib:

“Adını çəkdiyiniz şəxs müəyyən dairələrə, o cümlədən Ermənistan xaricində (Rusiya) olan və əmlakı üzərində müəyyən təsir imkanlarına malik qurumlara verdiyi vədləri yerinə yetirməyib. Bəllidir ki, bundan sonra da üzərinə götürdüyü öhdəlikləri icra etməyəcək və bütün bu əmlakı əlindən alınacaq. Buna görə çox təəssüflənirəm, istəməzdim ki, haradasa erməni hesab olunan kapital sıfırlansın”.

Həmçinin o, vurğulayıb ki, Samvel Karapetyan baş nazirliyə namizəd ola bilməz

Xatırladaq ki, həbsdə olarkən “Güclü Ermənistan” adlı partiya quran Samvel Karapetyan qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətindədir. Partiyası onun baş nazirliyə namizədliyini irəli sürüb. Amma ikili vətəndaşlığı olduğu üçün namizəd olmasının qarşısında qanuni əngəl var. Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Nikol Paşinyanla görüşdə onun seçkilərdə iştirakına imkanının yaradılmasını istəmişdi.

Karapetyan ötən il iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə həbs edilib.

Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Seçilən
19
teleqraf.com

1Mənbələr