AZ

"Tramp vəziyyətin ciddiliyini başa düşür, İsrail isə müharibənin davam etməsində maraqlıdır" - Polkovnik

"Hesab edirəm ki, İran-ABŞ arasında iki həftəlik atəşkəs sabah İslamabadda başlayacaq danışıqlarda müzakirə olunacaq. İslamabaddakı danışıqlar çox çətin olacaq. İran tərəfi bəyan edir ki, Amerika ilə razılaşma Livana da aiddir, amma görürük ki, İsrail Livana qarşı hücumlara davam edir. Çox böyük dağıntılar var, minlərlə insan yaralanıb, bu gün Livanda matəm elan olunub".

Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi.

Onun sözlərinə görə, ABŞ-nin bəyanatları ilə İranın bəyanatları arasında müəyyən ziddiyyətlər var:

"ABŞ tərəfi bəyan edir ki, İran zənginləşdirilmiş uranı onlara verəcək, amma İran tərəfindən belə bir məlumat oxumuruq. Həm qardaş Türkiyə, həm də Pakistan diplomatik yollarla məsələyə qatılıblar və Amerikanı qıcıqlandırmamaq üçün bir qədər sakit davranış nümayiş olunmasını istəyiblər. Gedişat çox mürəkkəbdir və Amerika Yaxın Şərqdə öz qoşunlarını saxlamaq niyyətindədir. Amerika bunu onunla əsaslandırır ki, əgər İran Hörmüzlə bağlı qərarının üstündə durmursa, əgər verdiyi sözü yerinə yetirməyəcəksə, yenidən aktiv döyüş əməliyyatları başlaya bilər. Bunu Amerika Prezidenti Donald Tramp ötən gün bir daha bəyan etdi, eyni zamanda Tramp İranda bu iki həftəlik atəşkəsi qələbə kimi qeyd etdiklərinə görə çox qəzəblidir".

Polkovnik vurğuladı ki, ABŞ-də seçki öncəsi Tramp üçün o qədər də xoş olmayan bir mənzərə var:

"Ümid edirəm ki, Tramp vəziyyətin ciddiliyini başa düşür və tərəflər bir-biri ilə ortaq məxrəcə gələcəklər. Amma İsrail heç bir halda bu atəşkəsə razı deyil, çünki atəşkəsin olması faktiki olaraq İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı məhkəmə proseslərinin start götürməsi anlamına gəlir. Ona görə də İsrail müharibənin davam etməsində maraqlıdır və bunu gizlətmir. Görək nə qərarlar verəcəklər. Hər halda Amerikanın İsrailə çox güclü təsir imkanları var. Ümid edək ki, Amerika İsraili inandıra biləcək ki, Yaxın Şərqdə bu eskalasiyanı azaltmaq üçün onlar birgə addım atmalıdırlar. Türkiyə ilə Pakistanın və bəzi tərəfdaş ölkələrin istəyi odur ki, Amerika ilə İran arasında bu gərgin və kritik münasibət səngisin, tərəflər masa arxasında problemlərin həlli istiqamətində fikir mübadiləsi aparsınlar və qərarlar versinlər".

Aytəkin TOFİQQIZI

Seçilən
39
50
redaktor.az

10Mənbələr