AZ

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Azərbaycan qanunvericiliyinə görə, yaşayış yerini dəyişən vətəndaşlar köçdükləri ünvanda 60 gündən artıq yaşayacaqları halda 7 iş günü ərzində müraciət edib qeydiyyata düşməlidirlər. Bu qaydaya əməl etməyən vətəndaşlara əvvəl xəbərdarlıq edilir, sonra isə 30 manat məbləğində cərimə olunurlar.
 

Bu məsələ rayondan işləmək üçün paytaxta gələn vətəndaşları daha çox narahat edir. Çünki evini kirayə verən şəxslərin heç də hamısı kirayə müqaviləsi bağlamağa və evində qalacaq şəxsləri müvəqqəti qeydiyyata salmağa maraqlı deyil.


Belə halla üzləşən insanlar həmin evdə kirayə qaldıqlarını sübut edə bilmirlər. Onların həmin ünvanda yaşadıqlarını sübut edən sənəd olmasa da cərimə olunurlar.

Məsələyə münasibət bildirən vəkil Ruslan Mustafayev Bizim.Media-ya bildirib ki, şəxs kirayə mənzil tutan zaman onunla kirayə müqaviləsi bağlanmasını tələb etməlidir:

“Bu həm kirayə qalan, həm də kirayə verən şəxsin maraqlarına uyğundur. Təcrübədə ev sahiblərinin kirayə tutan şəxsin kirayə haqqını ödəmədikləri, evdən çıxmadıqları və ya başqa problemlərlə bağlı polisə, məhkəmələrə müraciət etdikləri ilə rastlaşırıq.
 

Kirayə müqaviləsi olmadığı üçün heç bir orqan ona köməklik göstərə bilmir. Kirayə tutan şəxsin də gələcəkdə hüquqlarının pozulmaması üçün müqavilənin olması mütləqdir.


Məsələn, ev sahibi bir neçə aydan sonra kirayə haqqını qaldıra bilər və başqa problemlər ortaya çıxa bilər. Yəni hər iki tərəf üçün bu müqavilə mütləqdir. Təəssüflər olsun ki, nə kirayə verən, nə də kirayə götürən şəxs bu müqavilənin bağlanmasına maraq göstərmirlər”.

Şəxslərin müvəqqəti qeydiyyata düşməsi ilə bağlı məsələyə gəldikdə isə hüquqşünas deyib ki, bunun bir neçə yolu var:

“Ya mülkiyyətçi şəxsin müvəqqəti qeydiyyata düşməsinə razılıq verir, bundan sonra həmin şəxs mənzilə müvəqqəti qeydiyyata alınır. Yaxud da şəxs kirayə müqaviləsini təqdim edərək müraciət edir və həmin müddətə yaşadığı mənzilə müvəqqəti qeydiyyata alınmasını xahiş edir.
 

Bu iki haldan sonra müvafiq dövlət orqanı həmin şəxsi müvəqqəti qeydiyyata alır. Polisin şəxsi müvəqqəti qeydiyyata alınmaması ilə bağlı birbaşa olaraq cərimə eləməsi bir az çətin məsələdir. Polis həmin şəxsin hansı müddətdə orada qaldığını və ya hansı müddətdə orada qalacağını havadan müəyyən edə bilməz.


Bunun üçün əsaslı hallar, sübutlar olmalıdır ki, şəxs uzun müddətdir ki, orada yaşayır. Yəni polis bunları sübut etməlidir ki, buna dair protokol təyin edə bilsin. Əks halda həmin protokollar qanunsuz və əsassız olduğu üçün ləğv oluna bilər”.

Vəkil bu cür halların yaşanmaması, hər iki tərəfin gələcəkdə hüquqlarının pozulmaması üçün həm kirayə verən, həm də kirayə götürəcək şəxsləri kirayə müqaviləsi bağlamağa çağırıb:

“Bizim özümüzün də icraatında bu problemlərlə bağlı çoxlu sayda işlər var. O problemlər yarandığı təqdirdə həm kirayə verən, həm də kirayə götürən şəxs kifayət qədər maddi və mənəvi ziyana düşür. Kirayə müqaviləsinin bağlanmaması üçün kirayə verən şəxslərin əsas bəhanəsi ondan ibarət olur ki, vergidə qeydiyyata alınmalı və vergi ödəməlidir”.

Günay Şahmar, Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr