AZ

Den Keyn: Atəşkəs yalnız fasilədir, ordumuz döyüşə hazırdır...

Vaşinqton İranla qarşıdurmada əldə olunan atəşkəsin müvəqqəti xarakter daşıdığını açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, atəşkəs yalnız taktiki fasilədir və ABŞ ordusu istənilən an döyüş əməliyyatlarını bərpa etməyə tam hazır vəziyyətdə qalır.

General vurğulayıb ki, ABŞ və müttəfiq qüvvələr İranla qarşıdurma zamanı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirib. Onun açıqlamasına əsasən, əsas döyüş əməliyyatları dövründə 13 mindən çox hədəf vurulub, bunların 4 mindən çoxu döyüş meydanında operativ şəkildə müəyyən edilən “dinamik hədəflər” olub.

Keyn bildirib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın hava hücumundan müdafiə sistemlərinin təxminən 80 faizini məhv edib. Ümumilikdə 1500-dən çox HHM obyekti, 450-dən artıq ballistik raket anbarı və 800 kamikadze dron bazası zərərsizləşdirilib. Bununla yanaşı, İranın komanda-idarəetmə və logistika şəbəkələrinin 2000-dən çox elementi sıradan çıxarılıb.

Dəniz əməliyyatlarına toxunan general qeyd edib ki, İranın donanmasının 90 faizdən çoxu məhv edilib, o cümlədən əsas səth döyüş gəmiləri batırılıb. 150-yə yaxın gəmi suyun dibinə göndərilib, SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) kiçik hücum katerlərinin yarısı sıradan çıxarılıb. Eyni zamanda, dəniz minalarına qarşı 700-dən çox zərbə endirilib və mövcud ehtiyatın 95 faizdən çoxunun məhv edildiyi bildirilir.

Generalın sözlərinə görə, İranın hərbi-sənaye kompleksi də ciddi zərbə alıb. Silah istehsal müəssisələrinin təxminən 90 faizi hədəfə alınıb, xüsusilə “Şahed” tipli kamikadze dronların istehsalı və idarəetmə sistemləri tamamilə sıradan çıxarılıb. Raket sənayesi üzrə obyektlərin 80 faizdən çoxunun məhv edildiyi qeyd olunub.

Nüvə proqramına dair açıqlamada isə bildirilib ki, İranın nüvə sənaye bazasının təxminən 80 faizi zərər görüb və bu, ölkənin nüvə silahı əldə etmək imkanlarını ciddi şəkildə zəiflədib.

ABŞ qüvvələrinin ümumilikdə 10 mindən çox döyüş uçuşu həyata keçirdiyi, o cümlədən 62 bombardman missiyasının icra olunduğu vurğulanıb. Bu missiyalardan 18-i fasiləsiz olaraq ABŞ-dən uçuş və geri dönüşlə həyata keçirilib və hər biri 30 saatdan çox davam edib.

Sonda general qeyd edib ki, ABŞ və müttəfiqlər 1700-dən çox ballistik raket və kamikadze dronu zərərsizləşdirib və lazım gələrsə, eyni tədbirləri yenidən görməyə hazırdır.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr