AZ

“New York Times”: İranın sülh təklifindəki “gizli” bəndlər ifşa olundu

İranın 10 bəndlik sülh planının təfərrüatları açıqlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

ABŞ və İran arasında uzunmüddətli atəşkəs üçün danışıqlar davam etsə də, Tehranın təklif etdiyi 10 bəndlik planın detalları tərəflər arasında ciddi fikir ayrılıqlarının qaldığını göstərir.

Donald Tramp bu sənədi “razılaşma üçün baza” kimi qiymətləndirsə də, media sızmaları mövqelərin bir-birindən xeyli uzaq olduğunu üzə çıxarıb.

İranın “Tasnim” və “Fars” agentliklərinin məlumatına görə, rəsmi Tehran Hörmüz boğazı üzərində nəzarətin saxlanılmasını, uranın zənginləşdirilməsi hüququnu və beynəlxalq sanksiyaların ləğvini tələb edir.

Bundan əlavə, ABŞ qoşunlarının regiondan çıxarılması, dəymiş zərərin kompensasiya edilməsi və Livandakı döyüşlər də daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması şərtləri irəli sürülür.

Planın daha yumşaq versiyasında isə İranın nüvə proqramını məhdudlaşdırmağa və nüvə silahı hazırlamaqdan imtina etməyə hazır olduğu qeyd edilir.

Sənədin fars və ingilis versiyaları arasında ciddi fərqlər diqqət çəkir. Belə ki, uranın zənginləşdirilməsi hüququ barədə bənd yalnız fars dilli versiyada mövcuddur, ingilis dilində isə yoxdur. Bu, ABŞ-nin İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq kimi əsas hədəfi ilə ziddiyyət təşkil edir.

Tramp mümkün razılaşmanın nüvə problemini “tamamilə həll edəcəyini” iddia edir və iki həftəlik atəşkəsi “tam qələbə” adlandırır.

Mövzu ilə bağlı ətraflı məlumatın Pentaqonda müdafiə naziri Pit Hegset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keynin iştirakı ilə keçiriləcək brifinqdə açıqlanması gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
29
interpress.az

1Mənbələr