AZ

Evlərini su basmış Xırdalan sakinləri icra hakimiyyətinin qarşısına etiraza gedib

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Son vaxtlar yağan yağışlar nəticəsində evlərini su basan Xırdalan şəhər sakinləri dövlət qurumlarının laqeydliyindən şikayətçidir. Onlar bildirir ki, istər martın 27-28-də, istərsə də aprelin 4-5-də yağan yağışlardan sonra Xırdalanda küçələrdə gölməçələr yaranıb, evlərdə əşyalar su içində qalıb. Həyətlərindən, evlərindən suyun çəkilməsi üçün müxtəlif dövlət orqanlarına zəng etməklə, getməklə kömək istəsələr də, cəhdləri nəticələri nəticəsiz qalıb.

Bizimyol.info xəbər verir ki, aprelin 6-da axşam saatlarında Abşeron Rayon İcra Hakimiyyətinin qarşısına gedərək, orada etirazlarını ifadə ediblər. Etiraz edənlər çətin vəziyyətdə olan insanlara qarşı məmurların biganə münasibətindən narazılıqlarını bildiriblər.

“Buradakılar əsasən kasıb təbəqədən olan insanlardır. Varlının burada nə işi var? Hamımız dişimiz-dırnağımızla birtəhər tikib-düzəltmişdik. Nə qədər ziyana düşdük. Günlərlə evlərimiz, avadanlıqlarımız suyun içində qaldı. İcra orqan gəlib şəkil çəkib getdi, bir orqan deyir, nasos xarab olub, o biri deyir, su basan evlər çoxdur, çatdırmırıq, başqa biri deyir, yuxarıdan göstəriş verilsin, sonra gəlib kömək eləyək. Belə zülm, belə dərd olar?”, - deyə Rəşad Əliyev Bizimyol.info xəbər portalına bildirib.

Narazı sakinlər əsasən, “Azbentonit” zavodunun ətrafında, 26-cı məhəllədə, Həsən bəy Zərdabi küçəsində və s. ərazidə yaşayan vətəndaşlardır. Onlar bildirir ki, əksəriyyəti 25-30 ildir Xırdalanda yaşayırlar: “Xırdalan son onilliklərdə çox böyüyüb, əhalisi dəfələrlə artıb. Burada nə qədər müəssisələr, onların qarajları yerləşir. Bu qədər əhalinin, müəssisənin tələbatını ödəyəcək kanalizasiya sistemi olmalıdır. Amma yoxdur. Ona görə bundan əvvəlki yağışlarda da Xırdalan gölməçəyə dönürdü. Vaxtında tədbir görülmədi deyə, bu dəfə lap betər oldu”.

Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, icra başçısı Abdin Fərzəliyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Publik Hüquqi Şəxsinin (PHŞ) İdarə Heyətinin sədri Zakir Quliyev, aidiyyatı qurum rəhbərləri rayon ərazisində su basmış ərazilərə baxış keçirib, yağışın fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub: “İcra başçısı fəaliyyətində qısamüddətli nasazlıqlar yaranmış 26 saylı mərkəzləşdirilmiş nasosxanada aparılan bərpa işləri ilə maraqlanıb. Bildirilib ki, baş vermiş qəza aradan qaldırılıb və hazırda sözügedən nasosxana gücləndirilmiş iş rejimində işə salınıb.

İcra başçısı Xırdalan şəhərində və Məmmədli kəndində bir neçə ünvanda su kütləsinin yığıldığı ərazilərə baş çəkib, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb. Subasmanın fəsadlarını daha tez zaman çərçivəsində aradan qaldırılması istiqamətində əlavə nasosların cəlb olunması və digər lazımi tədbirlərin təxirə salınmadan görülməsi istiqamətində göstərişlər verib. Görüşlərdə subasmaların qarşısını alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı aidiyyatı üzrə tapşırıqların verildiyi, müvafiq işlərin yaxın zamanlarda görüləcəyi bildirilib.

Hazırda rayonun subasmış ərazilərində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti, yerli bələdiyyələr, FHN-in və Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları birgə fəaliyyət göstərməkdədir”.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
bizimyol.info

1Mənbələr