AZ

Özbəkistanda Xalid Səid Xocayevə həsr olunmuş kitabın təqdimatı keçirilib

Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetində (DİPU) Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Azər Turanın görkəmli türkoloq, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayev haqqında özbək dilində nəşr olunmuş “Xolid Said Xo‘jayev” kitabının təqdimatı keçirilib.

Tədbirin əvvəlində universitet haqqında qısa sənədli film nümayiş etdirilib.

Təqdimatda Azərbaycan və Özbəkistanın rəsmi şəxsləri, elm və təhsil müəssisələriinin, ictimaiyyətin nümayəndələri, akademiklər, professorlar, tədqiqatçılar və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DİPU-nun rektoru Sanjar Adilov Azərbaycan və Özbəkistan münasibətlərinin ortaq tarixi və mədəni köklərə əsaslandığını vurğulayaraq bu əlaqələri bir-birini tamamlayan iki qardaş xalqın qarşılıqlı inkişaf modeli kimi dəyərləndirib.

Azərbaycan Milli Məclisi sədrinin müavini, akademik Rafael Hüseynov Xalid Səid Xocayevin Azərbaycan və özbək xalqları üçün ortaq elmi və mənəvi dəyər olduğunu vurğulayıb. O qeyd edib ki, alim özbək əsilli olsa da həyatının böyük hissəsini Azərbaycanda elmi fəaliyyətə həsr edib və bu baxımdan onun irsi hər iki xalq üçün mühüm əhəmiyyət kəsb edir. Akademik bildirib ki, Xalid Səid Xocayev irsinin araşdırılması türkoloji elmin inkişaf tarixinin daha dərindən öyrənilməsinə və türk dünyasının ortaq elmi irsinin sistemli şəkildə dəyərləndirilməsinə xidmət edir.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında türk dünyasının böyük ədəbi və elmi simaları arasında mövcud olan mənəvi bağlılıqlardan bəhs edərək Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı fonunda ortaq ədəbi ənənələrin formalaşmasını diqqətə çatdırıb. O qeyd edib ki, bu kimi şəxsiyyətlər türk dünyasının mədəni inkişafında mühüm rol oynayıb və Xalid Səid Xocayev də türkoloji elmin görkəmli nümayəndələrindən biri kimi bu ənənənin davamçıları sırasında yer alır.

AMM-nin direktoru Akif Marifli bildirib ki, təqdim olunan nəşr Xalid Səid Xocayevin zəngin elmi irsinin sistemli şəkildə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, kitab Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunub və bu kimi təşəbbüslər Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasətə uyğun olaraq iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Direktor vurğulayıb ki, bu nəşr eyni zamanda türk dünyasının ortaq elmi irsinin öyrənilməsi və təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Milli Məclisinin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova qeyd edib ki, belə tədbirlər Azərbaycan və Özbəkistan arasında mövcud olan tarixi və mənəvi bağlılıqların möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, təqdim olunan nəşr Xalid Səid Xocayevin elmi fəaliyyətini sistemli şəkildə əks etdirməklə yanaşı, onun irsinin daha geniş elmi və ictimai auditoriyaya çatdırılmasına xidmət edir. Deputat vurğulayıb ki, bu kimi təşəbbüslər gənc nəslin milli və elmi irsə marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Universitetin professoru, filologiya elmləri doktoru, kitabın özbək dilinə tərcüməçisi Marufcan Yoldaşov çıxışında nəşrin hazırlanmasının əhəmiyyətini qeyd edərək bu kitabın Xalid Səid Xocayev irsinin daha geniş elmi ictimaiyyətə çatdırılması baxımından mühüm rol oynadığını vurğulayıb.

Kitabın müəllifi Azər Turan çıxışında Xalid Səid Xocayevin Birinci Türkoloji Qurultaydakı fəal iştirakından bəhs edərək onun türkoloji fikrin inkişafında mühüm rol oynadığını qeyd edib. O vurğulayıb ki, alim türk dünyasının elmi düşüncəsinin formalaşmasında aktiv mövqe tutan və bu sahədə istiqamətverici rol oynayan şəxsiyyətlərdən biri olub. 

Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin “Xarı bülbül” teatr truppasının üzvləri çıxış ediblər.

Sonda müəllif tərəfindən tələbələr üçün kitabın imza mərasimi təşkil olunub.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Seçilən
7
2
xalqqazeti.az

3Mənbələr